Ruhumuzda şeir kimi qalan ŞAİR: Vaqif Səmədoğlunun ANIM GÜNÜDÜR
Şair kimi yox, şeir kimi ölmək istəyirəm… Oxunmaq arzusuyla yaşayıram əvvəldən axıra kimi oxunmaq… Əzbər qalmaq istəyirəm kiminsə yadında!
Bu məşhur misraların müəllifi, Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür. Daha dəqiq desək, bu gün onun cismən dünyadan köç etdiyi gündür. Şairlər ölümsüzdür axı… Hələ-hələ Vaqif Səmədoğlu kimi şeirləri ilə ölümün üzünə gülümsəyən, onun pişvazına çıxıb, onu vəsf etməkdən zövq alan bir şair üçün ölüm heç də yoxluq deyil. Sadəcə olaraq, varlığın əbədi mövcudluğu deməkdir.
“Əzbər qalmaq istəyirəm kiminsə yadında!..” Əslində, elə şeirləri kimi özü də yaddaşlarda əzbər qalıb Vaqif Səmədoğlu. Unudulmaq deyə bir şansı da yoxdur. Çünki ruh şairi kimi özünə əbədiyyət qazanıb yazdığı misraları ilə…
Yazını yazdıqca fikirləşirəm: görəsən, sözü hansı süzgəcdən keçirim, necə ipə-sapa düzüm, necə vəsf edim ki, onun adına layiq olsun? Amma heç əziyyət çəkməyə də dəyməz. Çünki Vaqif Səmədoğlu poeziyasının qarşısında sözlər kəsərsiz və sönük qalacaq.
Bir də ki, söz deməyə nə hacət? Onsuz da sözün ən gözəlini özü deyib, özü yazıb. O şeirlər ki, hər zaman ruhumuzu diri və duru saxlayıb. Ruhumuzda şair kimi yox, şeir kimi qalan Vaqif Səmədoğlunun yaradıcılıq ömrü bu gün onun şeirləri ilə davam edir.
Cəvahir












