“Rusiya da canavarlıq edir” – Kreml oyunun qaydalarını SƏRTLƏŞDİRİR
“ABŞ oyun qaydalarını dəyişəndən sonra Rusiya da oyun qaydalarını dəyişməyə qərar verib”.
Bu fikri Rusiyanın Cənubi Qafqaza artan təhdidinin səbəblərini Yenicag.az-a açıqlayan politoloq Zərdüşt Əlizadə səsləndirib.
O, bildirib ki, Qərb kimi Rusiya da oyun qaydalarını dəyişir:
“Rusiya Qafqazda özünün müəyyənləşdirdiyi siyasi, iqtisadi, hərbi oyun aparırdı. Rusiya gördü ki, uduzur. Gürcüstanı itirdi, Azərbaycanı itirdi, Ermənistanı itirir. Rusiya qərar verib ki, canavarlıq edib oyun qaydalarını dəyişsin. Bu ABŞ-nin atdığı addımları xatırladır. ABŞ İkinci Dünya müharibəsindən sonra ciddi cəhdlə siyasi, iqtisadi, hərbi oyun qaydaları tətbiq edirdi və bunu bütün dünya dövlətlərinə qəbul etdirmişdilər. ABŞ bir də ayıldı ki, bu qaydalar əsasında oyun gedir, Çin qalib gəlir, güclənir, ABŞ-ni ikinci yerə itələyir. ABŞ qərara gəldi ki, oyun qaydalarını dəyişsin”.
“Tramp birinci hakimiyyəti zamanı sazişlərin bir çoxundan çıxdı. ABŞ canavarlıq etdi, oyun qaydalarını pozdu. Rusiya da deyir ki, oyun qaydalarını pozmaq, beynəlxalq qanunlara tüpürüb, Serbiyanı bölüb Kosovanı ayırıb müstəqil dövlət kimi tanımaq mümkündürsə, niyə Gürcüstandan Abxaziyanı, Cənubi Osetiyanı ayırıb öz ərazimə qatmıram? Eləcə də, Ukraynadan Krımı, Luqanskı, Donetski özümə birləşdirməyim?”, – deyə o, əlavə edib.
Müsahibimiz əmindir ki, Rusiya bütün bunlara görə Cənubi Qafqazda oyun qaydalarını dəyişmək istəyir:
“Cənubi Qafqazda Rusiyaya ən asan yem olacaq ölkə Gürcüstandır. Onun ərazisinin 20 faizini işğal edib. İkincisi Ermənistandır. Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır. Üçüncüsü də Azərbaycandır ki, özünü ötkəm aparır, şərtlər qoyur. Rusiya Gürcüstan və Ermənistanı ram edəndən sonra Azərbaycanla düşünəcək”.
Səxavət Məmməd