Rusiya DAYANMAQ BİLMİR: Moskva Odessaya edilən hücumlarla Bakıya nə demək İSTƏYİR?
“Rusiya Azərbaycana məxsus obyektləri bombalamaqla birgə tərəfdaşlıq bəyannaməsini pozur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Millət vəkili dünən Ukraynanın Odessa şəhərində yerləşən SOCAR-ın neft bazasının “Shahed” tipli PUA-larla silsilə zərbələr endirməsini qınayıb.
Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, Ukraynada Azərbaycana məxsus neft və qaz obyektlərinin hücuma məruz qalması o deməkdir ki, bu xüsusi məqsədlə edilir və təsadüfi hadisə deyil:
“Rusiya hərbi qüvvələri dəqiq bilirlər ki, bu obyektlər Azərbaycana məxsusdur və görünür, bununla əlaqədar Azərbaycana mesaj verməyə çalışırlar ki, bizim müharibə apardığımız ölkə ilə iqtisadi əlaqələr bizə qarşı çıxmaqdır”.
H. Babaoğlu düşünür ki, Rusiyanın Azərbaycana məxsus obyektlərə zərbə endirməsində əsas məqsəd daha geniş və çoxşaxəlidir:
“Mənə elə gəlir ki, bu da məsələnin heç hamısı deyil. Rusiyada hesab edirlər ki, Azərbaycan onunla bərabər hüquqi tərəfdaş deyil və Rusiya Azərbaycana qarşı istənilən hərəkəti edə bilər. Məsələn, öz hava məkanında Azərbaycan təyyarəsini vura bilər və bütün bunların qarşısında Azərbaycan susmalıdır. Belə məntiqlə yanaşanda, bu, artıq iki qonşu tərəfdaşın yox, imperialist baxışın məntiqidir. Rusiya bu gün də Azərbaycana münasibətdə bir imperiya kimi davranır, Azərbaycanın müstəqil iradəsini qəbul etmir. Bütün bunlar azmış kimi, regionda yaranmış yeni reallığı da qəbul etmir. Regionda yaranmış yeni reallıq isə Azərbaycanın aldığı qətiyyətli hərbi siyasi qərarların nəticəsidir”.
Rusiyanın Azərbaycanla 3 il öncə bağladığı bəyannaməyə toxunan deputat bu hərəkətlərə bəyannaməni pozmağa cəhd kimi qiymətləndirib:
“Rusiya isə bu hərəkəti edərkən həm də bir tərəfdən unudur ki, 2022-ci il fevral ayının 22-də Rusiya ilə Azərbaycan bərabərhüquqlu tərəfdaşlıq haqqında bəyannamə qəbul ediblər. Burada həm də Rusiya qonşuluq haqlarını pozmaqla bərabər həm də üzərinə götürdüyü hüquqi öhdəliyi pozur ki, bu da nəticə etibarilə, Rusiyanın lehinə deyil, Azərbaycanın da maraqlarını tapdalamaq deməkdir. Rusiya həm də bu hərəkəti ilə göstərməyə çalışır ki, hələ də post-sovet məkanında o öz üzərinə jandarma funksiyasını götürüb”.
Nurlan Cəfəri