Rusiya ilə yollar AYRILDI – Hindistan neft üçün Azərbaycana ÜZ TUTUR
“Hindistan da təbii olaraq istəyir ki, ticarət tərəfdaşı etibarlı olsun və götürdüyü öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirsin”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O, Hindistanın Rusiyadan imtina edib Azərbaycan nefti almasının səbəblərindən danışıb.
Deputat bildirib ki, Azərbaycan enerji siyasətində diversifikasiyanı (şaxələndirməni) müsbət şəkildə həyata keçirir:
“Hazırda həm şərq istiqamətində, həm də Qərb istiqamətində bazarlarımız mövcuddur. Hindistanın mövqeyi baxımından isə qeyd etmək lazımdır ki, son dövrlərdəki geosiyasi vəziyyət bu gün bəzi ölkələrin öz resursları və ya ticarət tərəfdaşları ilə münasibətlərini daha çox iqtisadi dillə ifadə etdiklərini göstərdi”.
Onun sözlərinə görə, bir müddət əvvəl mətbuatda belə fikirlər səslənmişdi ki, Hindistan Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilər:
“Lakin bu, sadəcə mətbuat səviyyəsində yayılan fikirlər idi. Diplomatik və siyasi baxımdan belə bir addım atılmayıb. Azərbaycan etibarlı tərəfdaşdır və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Hindistan da təbii olaraq istəyir ki, ticarət tərəfdaşı etibarlı olsun və götürdüyü öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirsin. Bizim addımlarımız beynəlxalq hüquqa əsaslanır. Həyata keçirdiyimiz iqtisadi siyasət isə milli və dövlət maraqları çərçivəsindədir”.
Nəsimi Ələsgərli