“Rusiya Krıma gərək deyil”
Krımda yaşayan azərbaycanlı iş adamı yarımadada təhlüksəzlik qədər biznes mühiti də təhdid altındadır
“Martın 18-dən Krım Rusiyanın tərkibinə birləşdirildi. Ancaq yarımada sakinləri bununla problemlərinin bitməyəcəyini düşünür”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Krımda yaşayan azərbaycanlı iş adamı Ülvi Həkimov deyir.
Ü.Həkimovun sözlərinə görə, Krım tatarları yarımadanın Rusiyaya birləşdirilməsinin qəti əleyhinədir və mövqelərini dəyişmək fikirləri də yoxdur: “Krım tatarlarının 99 faizi seçkilərə getməyib. 184 min səsvermə hüququ olan Krım tatarlarının cəmi 1000 nəfəri qondarma referenduma qatılıb. Həmin şəxslər özünü Krımın baş naziri elan etmiş Sergey Aksyonova yaxın şəxslərdir. Krım tatarlarının lideri Mustafa Cəmiloğlu son müraciətində bildirdi ki, əgər Rusiyanın iddia etdiyi kimi hər xalqın öz müqəddəratını təyin etmək hüququ varsa, o zaman Krım tatarlarına da belə bir haqq tanınmalıdır. Çünki Krımın yerli sakinləri tatarlar hesab edilir. Bu gün saxta referendum keçirib yarımadanı Rusiyanın tərkibində görmək istədiyini bildirənlər ruslardır və onlar heç bir halda Krımın yerli, köklü əhalisi kimi təqdim edilə bilməz”.
Ülvi Həkimov onu da bildirir ki, Krımda yaşayan ruslar saxta səsverməyə gəlsələr də bu aktın beynəlxalq hüquq normalarına zidd olduğunu çox yaxşı bilir: “Saxta referendum əslində Krımla bağlı uzunmüddətli bir gərginliyin əsasını qoyur. Rusiya Federasiya Şurasında “seçki”nin nəticələri elan ediləndə bildirildi ki, Rusiya artıq Krımı müstəqil subyekt kimi tanıyır. Həmin səsvermədə müstəqilliklə bağlı heç bir müddəa yox idisə, hansı müstəqillikdən söhbət gedə bilər? Bülletenlərdə Krımın Rusyada, yoxsa Ukraynada qalması məsələsi əks olunmuşdu. Rusiyanın bu cür qanuna söykənməyən, əksinə, beynəlxalq hüququ tapdalayan davranışları Krımın gələcəyi ilə bağlı çoxsaylı suallar yaradır. Rusiya Krımı qeyri-müəyyənliyə sürüklədiyi halda Avropa Birliyi artıq sürətlə Ukraynanı üzvlüyə qəbul etməyə hazırlaşır. Hər halda çoxları belə düşünür ki, Rusiya Krıma deyil, Krım Rusiyaya gərəkdir”.
Ü.Həkimov onu da deyir ki, Krım tatarları müstəqil qaydada öz müqəddəratlarını təyin etmək üçün Birləşmiş Millətlər Təşkilatına müraciət etməkdən ehtiyat edir: “Krım tatarlarının ən böyük narahatlığı yenidən Krımdan deportasiya edilmələri ilə bağlıdır. Artıq indidən etnik təmizləmə cəhdləri ilə bağlı həyəcanverici məqamlar yaşanır. Ruslar hər gün onların provokasiyaya çəkməyə cəhd edir, yaşadıqları məhəllələrin divarlarına təqhiredici şüarlar yazılır, onların Krımdan getməsi çağırışları səsləndirilir. Təbii, bu gün Krım tatarlarının təhlükəsizliyi son dərəcə ciddi problem olaraq qalır”.
Martın 17-də Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinovun sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Ülvi Həkimovun sözlərinə görə, könüllü dəstələrə qoşulmaq istəyən xeyli Krım türkü də var: “Krımda Ukrayna Silahlı Qüvvələrinin 4 minə yaxın şəxsi heyəti var. Rusiya silahlıları onlara dəfələrlə təslim olmaq təklif etsələr də hərbçilər vətənə sədaqət andı içdiklərini, son anadək həmin anda sadiq qalacaqlarını deyərək təslim olmurlar. Səfərbərlik elan ediləndən sonra xeyli Krım sakini Simferopoldakı Ukrayna hərbi hissələrinə gedərək könüllü dəstələrə üzr olmaq istədiklərini bildirib. Yarımadada bu mövqedə olanların sayı az deyil”.
Krımda Azərbaycandan olan iş adamları da çalışır. Ülvi Həkimov bildirir ki, indi onların bizneslərinin taleyi də qeyri-müəyyəndir: “Krımda bank sistemi faktiki iflic vəziyyətdədir. Bankların heç birində əməliyyat həyata keçirmək mümkün deyil. İş adamları yenidən bazar iqtisadiyyatına keçidin ilk illərində olduğu kimi hesablaşırlar. Kimdə nağd pul varsa, ödəməni çemodanlarda göndərir, nağd vəsaiti olmayanlar ödəyəcəyi məbləğ dəyərində başqa məhsul göndərir. Çox qeyri-müəyyən bir durumdur”.
Krım rəhbərliyi artıq keçən həftədən Ukraynaya aid olan bütün müəssisələri milliləşdirib. Yarımadadakı bütün biznes strukturlarının yenidən qeydiyyatnın aparılmasına hazırlıq gedir. Ü. Həkimovun sözlərinə görə, qeydiyyat prosesinin bir ilə tamamlanacağı haqqında danışılır: “Pul vahidinə gəlincə, ilkin fikir belədir ki, 2016-cı ilə qədər Krımda həm Rusiya, həm də Ukrayna milli valyutası işləyəcək. İş adamı olaraq bizləri ən çox narahat edən məsələ sabitliklə yanaşı biznes mühitinin hansı şəkildə formalaşacağıdır”.
musavat.com