Rusiya PUA-larının vurulması ilə bağlı QANUN İMZALANDI – Rumıniyada
Rumıniyanın müvəqqəti prezidenti İlie Bolojan ölkə hava məkanına qanunsuz daxil olan pilotsuz uçuş aparatlarının (PUA) vurulmasına icazə verən qanunu imzalayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Digi24” portalı məlumat yayıb.
Qanun Rumıniya parlamenti tərəfindən qəbul edilib və yalnız dronların vurulmasına deyil, həm də dinc dövrdə Rumıniya ərazisində həyata keçirilən hərbi missiya və əməliyyatlarla bağlı müddəaları əhatə edir.
Qanun layihəsi Rusiyaya məxsus döyüş dronlarının Ukraynanın Odessa vilayətinin cənubuna hücumlar zamanı dəfələrlə Rumıniya ərazisinə düşməsi halları fonunda hazırlanıb. Parlament qanunu 2025-ci ilin fevralında səsvermə ilə qəbul edib.
Sənədə qarşı çıxan rumıniyalı ultrasağçılar qanunu Konstitusiya Məhkəməsində mübahisələndirsələr də, məhkəmədən məğlub çıxıblar.
Xatırladaq ki, Rumıniya mart ayında da sərhədyanı bölgədə Rusiyaya məxsus dronun ölkə ərazisinə düşməsini təsdiqləmişdi.