“Rusiya qaranlıq tunelin dibindədir” – Putin Alyaska öncəsi son gedişini EDİR

media-hightechnic-468x90

“Rusiya Alyaskada sülhə razılaşmazsa, onlar üçün qaranlıq tunel dövrü başlamış olacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

media-elcin_xalidbeyli

Analitik Alyaska görüşü və bu görüşə qədər Rusiya-Ukrayna müharibəsindəki son durumları şərh edib.

Onun sözlərinə görə, son günlər Rusiyanın cəbhə bölgəsində fəallaşması Alyaska görüşü ilə bağlıdır:

“Prezident Putin Ağ Ev sahibi Donald Trampla görüşə qədər əlini gücləndirərək getmək istəyir. Putin hesab edir ki, əgər Ukraynada nə qədər çox ərazi işğal edərsə, Rusiyanın masadakı şərtləri daha güclü olar və Ukraynadan daha çox güzəşt, qənimət qopara bilər. Ona görə də mümkün qədər daha çox ərazi işğal edib Alyaska görüşünə getməyə çalışır. Çünki Kremldə də çox dəqiqliklə bilirlər ki, Alyaska görüşü Rusiya üçün son şansdır. Alyaska görüşündə artıq Rusiya atəşkəs barədə razılıq verdiyini rəsmən bəyan etməlidir”.

E. Xalidbəyli qeyd edib ki, Rusiya Alyaska görüşündə Trampı qane edən razılığa gəlməsə, bu onlar üçün ağır nəticələrə səbəb olacaq:

“Əgər belə bir atəşkəs razılaşması olmayacağı təqdirdə, Rusiya üçün ağır günlərin başlayacağını Kremldə tam dəqiqliklə bilirlər. Prezident Trampın son açıqlamaları da göstərir ki, Ağ Ev Putinə inanmır və Alyaska görüşünün iflas etmə ehtimalına da hazırlaşırlar. Tramp açıq şəkildə bildirdi ki, onu maraqlandıran suallara tam cavab ala bilməsə, Rusiya üçün ağır nəticələri ola bilər. Bu da o deməkdir ki, Rusiyaya qarşı ağır və dağıdıcı sanksiyalar tətbiq olunacaq. Ukraynaya isə ən müasir hücum silahları veriləcək. Bu da Rusiya üçün fəlakət anlamına gəlir”.

“Bütün bunlar hamısı açıq şəkildə ortada olduğu bir vaxtda Rusiya son şansını sınaqdan keçirir. Alyaska görüşünədək mümkün qədər irəliləməyə çalışır, irəliləyərək daha çox qənimət ələ keçirəcəyini düşünür. Lakin bu cəhdlərin Rusiya üçün tam real imkanlar açacağı da şübhəlidir. Çünki Tramp gözlənilmədən nisbətən mövqeyinə düzəlişlər edərək bildirib ki, Putinlə yalnız atəşkəs anlaşması əldə etmək niyyətindədir. Ərazi mövzuları isə Putin və Zelenski arasında həll edilməlidir”, – deyə o, əlavə edib.

“Rusiya qaranlıq tunelin dibindədir” deyən politoloq Putinin görüşöncəsi son çırpınışları etdiyini bildirib:

“Göründüyü kimi məsələ son mərhələdə Rusiyanın xeyrinə olmaya da bilər. Ən əsası isə Alyaska görüşü Rusiya üçün sonuncu böyük şansdır. Əgər Putin savaşın dayandırılması üçün bu şansdan da istifadə etməzsə, Trampın da bildirdiyi kimi, Putinlə ikinci görüş olmayacaq. Belə olacağı təqdirdə, Rusiya üçün qaranlıq tunel dövrü başlamış olacaq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa