Rusiya telekanallarının Azərbaycandakı TALEYİ: Kremlin təbliğat maşını QAPADILIR?
“Azərbaycan öz ərazisində ölkəmiz əleyhinə qərəzli fikirlər yürüdən telekanalların fəaliyyətinə yenidən baxa bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Vüqar Əhmədov bildirib.
Analitik son vaxtlar Rusiya telekanallarında Solovyov və digər təxribatçı rus aparıcıların Azərbaycana qarşı qərəzli çıxışlar etməsinə münasibət bildirərək bu kanalların Azərbaycanda yayımında məhdudiyyətlər gətirmək haqqımızın olduğunu qeyd edib.
Onun sözlərinə görə, əgər proseslər belə davam edərsə, Azərbaycan öz ərazisində ölkəmiz əleyhinə qərəzli fikirlər yürüdən telekanalların fəaliyyətinə yenidən baxa bilər:
“Təcrübə də bunu göstərib ki, belə hallar olub və ölkəmiz əleyhinə qərəzli fikirlər səsləndirən telekanalların yayımı Azərbaycanda dayandırılıb. Sözügedən kanalın jurnalisti artıq həddini aşır və erməni mənbəyindən qaynaqlanan hücumları Azərbaycana qarşı təşkil edir”.
V. Əhmədov bu təxribatçı addımları müharibə dövrü ilə müqayisə edib:
“Bu 44 günlük vətən müharibəsini xatırladır, o zaman da buna bənzər və qərəzli fikirlər Solovyov və onun topladığı “ekspertlər” tərəfindən səsləndirilirdi. Bunların guya indi Azərbaycanda saxlanılan iki jurnalist yadlarına düşüb, bəs neçə aydır Rusiyada hücuma məruz qalan Azərbaycan əsilli Rusiya vətəndaşları haqqında niyə heç nə danışmırlar?! III Şuşa Qlobal Media Forumunda Azərbaycanın ədalətli siyasəti ilə bağlı cənab Prezident İlham Əliyevə sual ünvanlayan jurnalistləri hədəf alması Solovyov kimilərin nə qədər alçaq bir ünsür olduğunu göstərir”.
Politoloq qeyd edib ki, belə kanalların yayımı Azərbaycanda məhdudlaşdırıla bilər:
“Belə “aparıcılar”ın verilişlərinin Azərbaycan teleməkanında yayımlanması heç düzgün də deyil. Marqarita Simonyanla birləşərək efirdə ölkəmiz əleyhinə şou düzəldən bu “cütlük” anlamır ki, Azərbaycan Cənubi Qafqazda rus mədəniyyətinə hər zaman hörmətlə yanaşan bir ölkə olub, lakin onlar, görünür ki, bunu anlamaq istəmirlər, məqsədli şəkildə pozuculuqla məşğul olaraq yanacağın üstünə yağ tökürlər.
“Təbii ki, münasibətlərin bu həddə gəlib çatmasında Rusiya rəsmiləri ilə yanaşı. bu cür media ruporların da rolu vardır və Azərbaycanda rus telekanallarının, media subyektlərinin, mədəniyyət mərkəzlərinin, rus dilində olan təhsil bölmələrinin bağlanmasından itirən yalnız Rusiya tərəfi olacaq. Biz bundan sonra belə qərəz və yalanla dolu nifrət püskürən “çıxışları” və verilişləri izləmək fikrində deyilik və Azərbaycan dövlətinə və xalqına qarşı belə riyakar fikirlərə Rusiya teleməkanında yer verilərsə, onların fəaliyyəti dayandırılmalıdır”, – deyə o, fikirlərini tamamlayıb.
Nurlan Cəfəri