Rusiya-Ukrayna müharibəsi: “Putinin hakimiyyəti devrilmir, tam əksinə...”
“Bu cür fikirlər çox vaxt daha çox emosional yanaşmalara və fərdi mülahizələrə əsaslanır”.
Yenicag.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli Rusiya Prezidenti Vladimir Putinin yaxın perspektivdə hakimiyyətdən devriləcəyi ilə bağlı mediada yayılan iddialara münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, belə bir proqnoza qəti cavab vermək hazırkı geosiyasi reallıqlar fonunda çətindir:
“Putinin hakimiyyətinin sonunun yaxınlaşdığı və ya qarşıdakı ilin onun üçün sonuncu olacağı ilə bağlı müxtəlif proqnozlar verilir. Hazırda Rusiya qlobal gündəmi müəyyənləşdirən əsas ölkələrdən biridir. Təbii ki, Ukrayna müharibəsi, tətbiq olunan beynəlxalq sanksiyalar və digər amillər ölkə daxilində müəyyən narazılıqların artmasına səbəb olur”.
Ekspertin sözlərinə görə, mövcud vəziyyətə baxmayaraq, Putinin hakimiyyətini itirəcəyini iddia etmək üçün ciddi əsaslar yoxdur:
“Yaxın perspektivdə Putinin hakimiyyətinin sona çatacağını demək üçün ciddi əsaslar görünmür. Uzaq perspektivlə bağlı belə bir ehtimalın aktuallaşması üçün də hələ tezdir. Çünki Rusiyada kifayət qədər güclü idarəetmə və mərkəzləşdirilmiş hakimiyyət aparatı mövcuddur. Bununla yanaşı, ölkə daxilində Putinin müəyyən sosial və siyasi dayaqları hələ də qalmaqdadır. Əlbəttə, bunun əksini iddia edənlər də var, lakin bu cür fikirlər çox vaxt emosional yanaşmalara və fərdi mülahizələrə əsaslanır”.
Nəsimi Ələsgərli













