"Rusiya - Ukrayna müharibəsi qlobal qarşıdurmaya çevrilir"
“Kubanın Rusiyaya döyüşmək üçün 25 min nəfərlik qoşun göndərmək fikri təkcə müharibənin taktiki dinamikasında deyil, həm də qlobal geosiyasi balansda dəyişikliklərə səbəb ola bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev deyib.
O bildirib ki, Kuba addımı ilə faktiki olaraq müharibədə üçüncü tərəflərin birbaşa iştirakını rəsmiləşdirir:
“Qərb müttəfiqlərinin bu situasiyada hansı mövqe tutacağı hələ ki, aydın deyil. Lakin əvvəlki təcrübələr göstərir ki, ABŞ və NATO üzvləri üçüncü qüvvələrin Rusiya tərəfdən döyüşməsini birbaşa təxribat kimi qiymətləndirsələr də, praktik cavab addımları çox vaxt məhdud olub. Bunun bir səbəbi Qərbin Ukraynaya yardımı genişləndirməklə kifayətlənməsidir. Digər məqam isə birbaşa Rusiya ilə toqquşmadan yayınmaq siyasətidir. Ancaq Kuba kimi Qərb sanksiyalarına məruz qalan, ideoloji baxımdan Moskva ilə yaxın dövlətin bu addımı “soyuq müharibə ritorikasının” yenidən dirçəlməsi təəssüratını yaradır. Bu da o deməkdir ki, müharibə artıq sadəcə Ukrayna ərazisindəki döyüş meydanlarında deyil, ideoloji və qlobal təsir zonalarında da genişlənir”.
Ekspert bildirib ki, Kuba kontingentinin Rusiyanın döyüş potensialına ciddi dəyişiklik gətirəcəyi real görünmür:
“Çünki 25 min nəfərlik qoşun miqyası Rusiya ordusunun ümumi sayına nisbətdə kiçikdir. Lakin psixoloji və siyasi mənada bu, Moskvaya əlavə dəstək görüntüsü qazandıracaq, Qərb blokuna isə “müttəfiq boşluğu” mesajı göndərəcək. Bununla yanaşı, Ukrayna tərəfi də eyni addımı ataraq xarici könüllüləri və ya tərəfdaş ölkələrin hərbi resurslarını daha açıq şəkildə səfərbər edərsə, qarşılıqlı eskalasiya qaçılmaz ola bilər. Bu isə müharibənin coğrafiyasını genişləndirə və regional münaqişədən qlobal qarşıdurmaya çevrilmə riskini artırar. Kubanı Rusiyanın yanında döyüşə göndərən bu addım əslində postsovet və postsoyuq müharibə dövrü balansının yenidən formalaşdığını göstərir”.
R.Alıyev əlavə edib ki, Qərb müttəfiqləri üçün bu hadisə həm sınaq, həm də xəbərdarlıq xarakteri daşıyır:
“Artıq məsələ təkcə Ukraynanın müdafiəsindən ibarət deyil – böyük güclər arasında yeni ideoloji bloklaşma yaranır. Qərb səssiz qalarsa, bu, Rusiyanın beynəlxalq arenada daha çox tərəfdaş tapmasına yol açacaq. Əks halda isə qarşıdurma daha təhlükəli müstəviyə keçə bilər”.
Məlik Məlikov