!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 130-cu GÜNÜ: Lisiçanskdan sonra hədəf haradır? - TƏHLİL

!Reklam – Yazi

130 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 320 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 620 ədəd, səhra artilleriyası və minaatanlar – 803 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 247 ədəd, HHM sistemi – 106 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 147 ədəd, PUA – 654 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 868 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 928 ədəd, səhra artilleriyası və minaatanlar – 3 065 ədəd, YARS – 555 ədəd, HHM sistemi – 365 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 409 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz otuzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 130-cu gün uzun zamandır küçə döyüşlərinin getdiyi Lisiçansk şəhərinin itirilməsi ilə yadda qaldı:

“Gün ərzində əməliyyat şəraitində ciddi dəyişiklik baş vermədi.

Təəssüf ki, müharibələr bazar gününün nə olduğunu bilmir. Ukrayna–Rusiya müharibəsinin 130-cu günündə əməliyyatlar teatrında da belə oldu. Bazar günü olmasına baxmayaraq, döyüşlərin intensivliyi əvvəlki günlərdəki kimi davam etdi. Gün ərzində, əsasən, tərəflərin mövqe döyüşləri və artilleriya dueli davam etdi.

Bu gün Ukraynada Hərbi Dəniz Qüvvələrinin və Zenit Raket Qoşunlarının yaranması günü idi. Bu qoşun növləri peşə bayramını müharibə şəraitində qeyd etdilər. Adətən, döyüşən ordular üçün peşə bayramı qarşı tərəfə verilən itkilər ilə qeyd edilir. Ukraynanın bu qoşun növləri də peşə bayramalarına sadiq qaldılar.

Bu gün Sumsk və Çerniqov istiqamətində Rusiya minaatan bölmələri aktiv oldular. Gecə ərzində Sumsk ərazisi intensiv atəş altında oldu.

Xarkov istiqamətində Rusiya artilleriya bölmələri heç zaman aktiv olmadıqları qədər aktivləşdilər. Bütün gecə artilleriya atəşləri səngimədi. Ukrayna bölmələri rusları bu mövqelərdən nə qədər uzaqlaşdırmağa çalışsalar da, hələ də bu, mümkün olmayıb.

İzyum istiqamətində rusların hücumları qismən dayandırıldı. Mövqe döyüşləri davam etdi.

Lisiçansk uğrunda gedən ağır döyüşlərdən sonra axşam saatlarında Ukrayna qoşunları şəhərdən geri çəkilməyə məcbur oldu. Rusiya qoşunlarının raket-artilleriya atəşləri qarşısında Ukrayna qoşunlarının şəhərin müdafiəsini davam etdirməsi onlar üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaqdı. Bu taktiki geri çəkilmə Ukrayna bölmələrinin şəxsi heyətinin həyatını xilas etmək üçün atılan zəruri addım idi. Lisiçanskda döyüşən bölmələrin maksimum edə biləcəkləri qarşı tərəfə itkilər verdirməkdən ibarət idi. Onlar bunu qismən bacardılar.

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada müdafiə naziri Sergey Şoyqunun Ukraynanın şərqində rusiyapərəst separatçı Luqansk Xalq Respublikasında davam edən əməliyyatlar barədə prezident Vladimir Putinə məlumat verdiyi bildirilib. Məlumatda qeyd olunub ki, Lisiçansk və ətrafdakı müxtəlif yaşayış məntəqələri tam nəzarətə götürülüb; onların ən böyüyü Beloqorovka, Novodruzhesk, Maloryazantsevo və Belaya Qoradır.

Ukrayna tərəfi də baş verənləri təsdiqləyib.

Bu istiqamətdə rusların yeni hərbi hədəfi Seversk yaşayış məntəqəsi olacaq. Popasnoe istiqamətində Ukrayna artilleriya vasitələri ilə Rusiya ordusunun silah-sursat anbarları vuruldu.

Görünən odur ki, Ukraynanın müttəfiqlərinin verdiyi uzunmənzilli artilleriya vasitələri hədəfləri dəqiq sıradan çıxarmağa başlayıb. Son həftə ərzində Xersondan Xarkova qədər olan cəbhədə rusların korpus və diviziyalarına aid olan 17 operativ silah-sursat anbarı sıradan çıxarılıb. Artilleriya duelində tərəflərin güc nisbətinin, az da olsa, balanslaşdığını görməkdəyik.

Ukrayna qoşunları Xerson vilayətinin İvanovka kəndini nəzarətə götürdü.

Krivoy Roq və Zaporojye istiqamətində vəziyyət nisbi sakit qaldı. Bu istiqamətlərdə Ukrayna aviasiyası uçuşlarını aktivləşdirdi. Ukrayna Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrini yenidən döyüş vəziyyətinə gətirdiklərini müşahidə edirik.

Gecə saatlarında Ukrayna qoşunları Melitopol ərazisində yerləşən Rusiya ordusunun hərbi aerodromunu və hərbi bazasını raket zərbəsi ilə vurdu. Çox ehtimal ki, hərbi aerodromda Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri dislokasiya olunurdu. İtkilərin olduğu istisna edilmir. Ukrayna müdafiəçiləri Rusiyanın bir helikopterini vurdu.

Rusiyanın Ukrayna ilə sərhədyanı ərazisində silsilə partlayış olub. Hadisə Belqorod şəhərində baş verib. Nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu gün Ukrayna Prezidenti 130 gün davam edən müharibənin nəticələrinə dair maraqlı statistika açıqladı. Onun sözlərinə görə, Rusiya qoşunlarının müdaxiləsi nəticəsində Ukraynanın on vilayəti ciddi zərər görüb, 1027 şəhər və qəsəbə azad edilib, 2610 yaşayış məntəqəsi hələ də Rusiya qoşunlarının nəzarəti altındadır. Yüzlərlə yaşayış məntəqəsi və müəssisə Rusiya qoşunları tərfindən tamamilə dağıdılıb. Hələ bir də bura dağıdılan və müharibə gedən əraziləri tərk edən dörd milyona yaxın qaçqın və köçkün ordusunu əlavə etsək, fəlakətin həcmi barədə “böyük rəsm”in tamamlanmış olduğunu görərik. Təbii ki, bu rəqəmlər Ukrayna hökumətinin asan-asan altından qalxacağı rəqəmlər deyil.

Biz bu fəlakətlərin bədəlinin nəyə mail olduğunu Ermənistanın ərazilərimizə təcavüzü və nəticələri üzərindən çox yaxşı anlayırıq. Biz bir də heç kimin köməyi olmadan bu yükün altından qalxdıq. Hələ də “qalxmaqda” davam edirik. Təbii ki, müasir dövrümüzdə bu, katastrofdur. Ukrayna hələ müharibənin dayandırılması üçün səy sərf edir. Müharibə aparmaq nə qədər çətindirsə, müharibənin nəticələrinin aradan qaldırılması da bir o qədər çətin olacaq.

Təxminən iki ilə yaxındır ki, Qarabağ işğaldan azad edilib, ancaq hələ də mina təhlükəsi qalmaqdır. Bundan əlavə, evlər dağıdılıb, şəhərlər viran qalıb və on minlərlə travmalı insan var. Ukraynanı və ukraynalıları hansı çətinliklər gözləyir, onu bizdən yaxşı kimsə bilməz…”

Səxavət Məmməd

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv