!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 35-ci GÜNÜ: Geri çəkilən ruslar qarşılarına çıxan hər şeyi sıradan çıxarırlar - TƏHLİL

!Reklam – Yazi

Otuz beş gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 452 ədəd, artilleriya sistemləri – 242 ədəd, hava hücumundan müdafiə sistemləri – 90 ədəd, təyyarələr – 110 ədəd, helikopterlər – 131 ədəd, avtomobil texnikası – 1 370 ədəd, PUA-lar – 20 ədəd, hərbi obyekt – 232 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 322 ədəd, zenit-raket kompleksləri – 228 ədəd. Rusların 122 ədəd tankı ukraynalılar tərəfindən istifadəyə yararlı halda qənimət götürülüb.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 155 ədəd, artilleriya sistemləri – 512 ədəd, hava hücumundan müdafiə sistemləri – 117 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 630 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 544 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 155 ədəd, zenit-raket kompleksləri – 141 ədəd.

Ukrayna-Rusiya müharibəsinin otuz beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, İstanbul görüşündən sonra Rusiya tərəfi güzəşt etdiyini, Ukrayna tərəfi isə qələbə qazandığını göstərməyə çalışır:

“Əməliyyatlar teatrında reallıq isə ondan ibarətdir ki, bütün istiqamətlər üzrə tərəflərin hücum və müdafiə döyüşləri olduğu kimi davam etdi. İstanbulda baş tutan görüş fonunda əməliyyatlar teatrında ukraynalılar daha ruhlanmış görünürlər və gün ərzində İrpin şəhərini döyüşlə geri qaytardılar. Ruslar Kiyev vilayətindən çıxırlar. Texnika və avtomobillərin kolonları üzü Kiyev vilayətinin sərhədlərinə doğru yönəlib. Buna baxmayaraq, döyüşlər yenə də davam edir. Ukraynalılar çox uğurlu pusqu və basqın əməliyyatları həyata keçirir. Hərbi kalonların marşrutlarını minalayırlar. Pilotsuz uçuş aparatları da gözlənilməz zərbələr endirməyə davam edir. Bunun nəticəsi olaraq ruslar çoxlu itkilər verir və əsir düşürlər. Kiyev və Çerniqov istiqamətində rusalar əhval-ruhiyyələri pozulmuş vəziyyətdə texnikaları ataraq döyüş meydanını asanlıqla tərk edirlər. Geri çəkilən ruslar qarşılarına çıxan hər şeyi sıradan çıxarırlar. Ukraynalılar rusların bu vəziyyətlə barışdıqlarının fərqindədirlər və bundan ruhlanaraq daha da irəli gedirlər. Cənub istiqamətində ruslar bəzi yerlərdə müdafiəyə, bəzi yerlərdə isə hücuma keçirlər. Əsas qüvvələri birləşmiş qüvvələrin operativ cavabdehliyi bölgəsinə – Mariupol, İzyum, Volnavaxa istiqamətinə cəmləşdirirlər.

Xarkov ətrafından geri çəkilən ruslar yanacaq çatışmazlığı səbəbindən tankları, ağır zirehli texnikaları İzyum rayonundakı gölə buraxıblar.

Xarkov istiqamətində gedən döyüşlərdə rusların 138-ci motoatıcı briqadasının iki taktiki batalyon qrupu və 49-cu tank alayının bir tank batalyonu darmadağın edilib. Gün ərzində Xarkov-Dnepropetrovsk istiqamətində rusların 3 qırıcısı vuruldu. Nəticə etibarı ilə Ukrayna qüvvələri vəziyyəti yenidən qiymətləndirərək əməliyyat şəraitinə görə yeni qərarlar qəbul etmək məcburiyyətində qalırlar.

Volnovaxa uğrunda gedən döyüşlər nəticəsində ruslar buranı nəzarətə götürdülər. Demək olar ki, əməliyyatların ikinci fazasında rus qoşunlarının əsas zərbə istiqaməti bu istiqamətə yönəldi. Görünən odur ki, önümüzdəki günlərdə əsas şiddətli döyüşlər cənub istiqamətində, xüsusən də Antonov körpüsü uğrunda gedəcək. Danışıqlar fonunda masada güclü görünmək üçün ruslara taktiki və operativ səviyyədə yeni hədəflər ələ keçirmək lazımdır. Bu səbəbdən ruslar çox tələsəcəklər. Tələsdiklərindən də qarşıya qoyduqları hədəflərə çatmaq üçün çoxlu itkilər verəcəklər.

35-ci günün nəticəsinə görə, ruslar müharibənin başlanğıcında planlaşdırılmış səkkiz zərbə istiqamətindən altısında uğursuz, ikisində isə qismən uğurlu oldu. Uğurlu olduqları istiqamət Donbas və Krım ərazisidir. Yəni müharibənin başlanğıcında harada idilərsə, sonunda da ora qayıdırlar. Sadəcə ələ keçirdikləri ərazilər qondarma DNR, LNR, Krım vilayətlərinin adminstrativ sərhədlərini tamamlamış olur. Təbii ki, ruslar bunu böyük uğur kimi xalqına “yedizdirməyi” bacarmalıdırlar. Əks təqdirdə, strateji planın ilk baxışda başqa olması, nəticədə isə buna nail olmaları eyforiyaya qapılmış ictimaiyyətdə çox böyük suallar yarada bilər.

Ruslar ukraynalıların əməliyyatlar teatrında yaratdığı realıqları arzu olunan kimi servis etməyə məcburdur. Kreml mövcud bərbad vəziyyətdən çıxış yolu axtarır. Kreml rəhbərliyi biabırlığı yalançı “qələbə hekayəsi” ilə ört-basdır etməyə çalışacaq. Ruslardan başqa bütün ölkələr anlayırlar ki, ruslar ilkin planlarını başa çatdıra bilmirlər. Ruslar isə deyirlər ki, bizim istədiyimiz bu idi. Xəritə üzərində “strateq”lərin planladığı əməliyyatlar sahədə uğurlu alınmayanda “strateq”lər öz səhvlərinə don geyindirmə “mod”una girirlər. Bu səbəbdən indi ruslar arzu etdikləri və yerinə yetirə bilmədikləri strateji planlarını başqa adla uğur olaraq qəbul etmək məcburiyyətindədirlər.

Düşünürəm ki, Ukrayna ordusu önümüzdəki günlərdə rus ordusuna bacardıqları qədər çox itkilər verdirməyə çalışacaq. Ruslar isə ələ keçirdikləri əraziləri əldə saxlamağa və yeni əraziləri nəzarətə götürməyə çalışacaqlar. Atəşkəs sazişinə gedilən yolda kimin qalibiyyətə daha yaxın olduğunu önümüzdəki günlərdə görəcəyik. Mənim fikirimcə, hər bir halda bu, Ukrayna tərəf olacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

4425
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv