!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının Azərbaycana təsiri: "Bu, nüvə müharibəsinə çevrilərsə..."

!Reklam – Yazi

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı deyib ki, indi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir. Lakin bu müharibə yeni üsulla aparılır. Qərblə Rusiya arasında uçurum dərinləşəcək.

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında bildirib ki, Prezidentin 3-cü Dünya müharibəsinin başladığı və bu savaşın yeni üsullarla aparıldığı haqqında dedikləri tamamilə realdır, çünki Rusiyanın Ukraynaya təcavüzü fonunda başlayan savaş, nəticə etibarilə artıq iki ölkənin bir-birilə apardığı müharibədən çıxıb:

“Müharibəyə müxtəlif səviyyədə digər ölkələr də qoşulub. ABŞ, Avropa İttifaqı, NATO, G7 ölkələri Ukraynanı silah-sursatla təmin etmək, hərbçilərinin hazırlanması ilə, kəşfiyyat məlumatlarını rəsmi Kiyevə ötürməklə birbaşa da olmasa, müharibənin iştirakçısına çevriliblər. Eyni şəkildə İran da Rusiyaya dron və raket tədarükü ilə müharibənin iştirakçısına çevrilib. Rusiyanı iqtisadi sanksiyaların təsirindən qorumaq üçün Çinin və Hindistanın Rusiyaya qucaq açmasını da əlavə etsək, nə qədər ölkənin bu və ya digər şəkildə müharibəyə cəlb olunduğunu görmüş olarıq. Təbii ki, bu qədər ölkə müharibəyə qoşulubsa, bu, artıq 3-cü Dünya müharibəsi deməkdir”.

Müharibənin Azərbaycana təsirinə də toxunan politoloq hesab edir ki, öz neytrallığını qoruyub saxlamağı bacaran və balanslaşdırılmış siyasət aparan ölkəmiz üçün hərbi müstəvidə hər hansı bir təhlükə gözlənilmir:

“Ölkəmiz qlobal dünyanın bir parçasıdır və dünyada baş verənlər istər-istəməz Azərbaycana da təsir edir. Müharibə nəticəsində dünyadakı qlobal iqtisadi böhran və inflyasiya ölkəmizə də təsir edib. Müharibə nəticəsində həm Rusiya, həm də Ukrayna iqtisadiyyatının tənəzzülə uğraması səbəbindən həmin ölkələrdə işləyən insanlarımızın işlərini itirməsi və ya gəlirlərinin azalması ilə nəticələnib. Bu isə avtomatik olaraq hər ay həmin şəxslər tərəfindən Azərbaycana göndərilən maliyyə kütləsinin miqdarında da azalmaya səbəb olub. Yəni müharibə Avropaya olduğu kimi Azərbaycana da iqtisadi təsirlərini göstərib. Əgər sabah bu savaş nüvə müharibəsinə çevrilərsə və ya hərbi əməliyyatların coğrafiyası genişlənərsə, məsələn Türkiyə və ya İran müharibəyə cəlb olunarsa, o zaman Azərbaycan da bundan çox böyük ölçüdə təsirlənəcək”.

Gülşən Şərif

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv