Rusiya Ukraynadan geri çəkilməsə…- Proqnoz
Cenevrə şəhərində ABŞ dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçirildi. Görüşdən sonra Kerri öz twitter hesabında qeyd edib ki, Lavrovla Ukrayna,Suriya və İranla bağlı diskusiyyalar aparıb.
Politoloq Natiq Miri bu görüşməyə belə şərh verdi: “Kerri ilə Lavrov mütəmadi görüşürlər və bugünədək heç bir müsbət irəliləyiş əldə olunmayıb. Əksinə, bu görüşlərin müqabilində ruslar Donbassın içərilərinə doğru bir az da irəliləyiblər. Bu onu göstərir ki, Rusiya heç bir vəchlə Ukraynanı öz təsir dairəsindən buraxmaq istəmir. Müharibənin dayanması müqabilində çox ciddi güzəştlər tələb edir ki, bu vəziyyət isə Ukraynanın suverenliyinə xələl gətirir və üzərində Rusiyanın ciddi nəzarətini təmin edir. Buna isə Ukrayna heç bir vəchlə razı olmadığı üçün ABŞ da belə vəziyyətə razı ola bilməz. Görüşdə təbii ki, bir çox siyasi bazarlıqlar olunmamış deyil. Məsələn, Suriya, İran və digər ortaq maraqlarda olan məsələlər müzakirə olunub. Məqsəd də qarşılıqlı güzəştlərlə ortaq nöqtələrin tapılmasına çalışmaqdır. Bu görüşdə hansısa razılaşmanın olacağını düşünmürəm. Çünki razılaşma olsaydı görüşdən sonra Kerri Rusiyanı növbəti ən ciddi iqtisadi sanksiyalarla təhdid etməzdi. Əslində, Rusiya bu aqressiv davranışlarıyla ABŞ-ı öz təsir dairələrini genişləndirməyə razı salmaq istəyir. Ancaq ABŞ-ın buna razı olacağı inandırıcı deyil. Çünki qüvvələr nisbəti eyni deyil və Rusiyanın iqtisadi və siyasi bir sistem olaraq çöküşü hər an baş verə bilər və ABŞ bunu bilir və stimullaşdırır. Belə olduğu təqdirdə yalnız Rusiyanın güzəştə getməsindən, öz qoşunlarını Ukraynadan çıxarmasından söhbət gedə bilər. Bunu Putin nə qədər tez anlasa Rusiyanın itkiləri daha az olacaq. Əks təqdirdə Rusiyada çox təhlükəli proseslər baş verə bilər. Nemtsovun qətli də bunun bariz xəbərçisidir”.
Kamran