Rusiya və İranın GİZLİ PLANI İFŞA OLDU: “Azərbaycanın strateji imkanları möhkəmdir”
“Rusiya və İranın Azərbaycana qarşı müqavimət göstərmək potensialları olduqca məhduddur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib.
Analitik Vaşinqtonda keçirilən üçtərəfli görüşdə əldə olunan nəticələr və görüşün gələcək potensialını şərh edib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü strategiya ilə Cənubi Qafqazda təşəkkül tapan reallıqlar dünyanın güc mərkəzlərinin öz maraqlarını regiona proyeksiya etməsilə nəticələndi.
“Azərbaycan post-müharibə dövründə dünya gücləri ilə balanslı münasibət saxlamaqla, eyni zamanda geosiyasi vəziyyəti qiymətləndirərək ən əlverişli zamanlarda düzgün siyasət yeridərək bu reallıqları daha da möhkəmləndirmiş oldu. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan dövləti və Azərbaycan dövlətinə dəstək duran Türkiyə öz strateji yanaşmaları ilə regionda yeni münasibətlər sistemi formalaşdırmağa başladılar”.
“Təbii ki, burada dünya gücləri sırasında Fransa kimi ölkələr reallıqları qəbul etməmək üçün müəyyən səylər göstərdilər. ABŞ-də Bayden administrasiyası dövründə müəyyən hərəkətlənmələr baş verdi. Bu hərəkətlənmələr Azərbaycanın yaratdığı reallıqları geri oxutmaq və ya onu zəif salmaq üçün dövriyyədə olan bir strategiya idi. İlham Əliyevin yürütdüyü dəqiq siyasətlə həmin strategiya iflasa uğramış oldu və bununla da regionda post-müharibə dövründə yeni bir istiqamət açıldı. Bu istiqamətdə Azərbaycan – ABŞ münasibətləri konteksti olduqca önəmlidir”, – deyə o, əlavə edib.
A. Kərimov qeyd edib ki, bu görüşün nəticəsindən asılı olmayaraq gələcəkdə Rusiya-Azərbaycan münasibətləri də yumşalmağa doğru gedəcək:
“Gələcəkdə Azərbaycan-Rusiya münasibətlərində də yeni yumşalmalar, yeni istiqamətlər biz görə bilərik. Hərçənd ki, indiki Rusiyanın Azərbaycan və Ermənistanla bağlı siyasətində müəyyən aqressiv elementlər görünməkdədir. Hər şey Putin və Donald Tramp arasında keçiriləcək görüşdən asılı deyil. Bu görüşün nəticələri, əldə olunan razılıqlar və ya görüşün nəticəsiz qalacağı təqdirdə, Rusiyanın daha genişmiqyaslı təxribatlara başlaya biləcəyi istisna olunmamalıdır. İndiki vəziyyətdə Azərbaycanın strateji imkanları və resursları olduqca möhkəm və dayanıqlıdır. Bunun müqabilində isə Rusiya və İranın Azərbaycana qarşı müqavimət göstərmək potensialları olduqca məhduddur. Ona görə də daha çox Rusiya öz gücünü, aqressiyasını Ermənistana qarşı nümayiş etdirə bilər ki, burada da Azərbaycan Ermənistanın təhlükəsizliyini və siyasi sistemini ələ alaraq Rusiyanın qarşısında maneə kimi dayana bilər”.
Nurlan Cəfəri