Rusiya yaxın zamanda Avropadakı NATO ölkələrinə HÜCUM EDƏCƏK – Deputatdan İDDİA
Bundestaqın hakim Xristian Demokrat İttifaqından (CDU) olan deputatı Norbert Rettgen Avropadakı NATO ölkələrini müdafiə qabiliyyətlərini daha sürətlə artırmağa çağırıb. Onun sözlərinə görə, Rusiya hazırkı rəsmi proqnozlardan daha tez hücuma keçə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə “n-tv” kanalı məlumat yayıb.
Rettgen bildirib ki, Rusiya prezidenti Vladimir Putin “dörd-beş il” gözləmək əvəzinə hücum qərarını daha erkən verə bilər:
“Putin iki-üç il ərzində hərbi əməliyyata başlaya bilər. O, Avropa ölkələrinin bu müddətdə hələ də hərbi hədəflərinə çatmayacağından istifadə etməyə çalışacaq. Üstəlik, Donald Trampın ABŞ prezidenti olduğu müddətdə Vaşinqtonun mövqeyi qeyri-müəyyən qalacaq”.
Alman siyasətçinin sözlərinə görə, Avropa ölkələri vaxt baxımından ciddi təzyiq altındadır:
“Rəsmi bəyanatlarda göstəriləndən daha təhlükəli bir vəziyyətlə üz-üzə qala bilərik. Müdafiə qabiliyyətimizi təcili şəkildə gücləndirməliyik”.
Digər tərəfdən, Almaniyanın Silahlı Qüvvələrinin baş inspektoru Karsten Broer hesab edir ki, Rusiya 2029-cu ildə NATO ölkələrindən birinə hücum edə bilər.
Qeyd edək ki, Almaniya Federal Kəşfiyyat Xidməti (BND) və Bundesverin məlumatları da göstərir ki, Rusiya özünü Qərblə sistemli qarşıdurmada görür və NATO ilə genişmiqyaslı müharibəyə hazırlaşır.