Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) CNN telekanalının jurnalisti və iki ukraynalı müxbirinə qarşı Kursk vilayətində sərhədi qanunsuz keçmək faktı ilə bağlı cinayət işi açıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.
Məlumatda xatırladılıb ki, bundan əvvəl analoji maddə ilə Kursk vilayətində Rusiya dövlət sərhədini də qanunsuz keçən italiyalı jurnalistlər Simoni Traini və Stefani Battistiniyə qarşı cinayət işi açılıb.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin bu maddəsinin sanksiyasında 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. “Yaxın vaxtlarda onlar beynəlxalq axtarışa veriləcək”, – məlumatda deyilir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da xarici media işçilərinə Rusiya ərazisinə səfər qaydalarını xatırladıb.
“Biz xarici jurnalistlərə xəbərdarlıq etmək istərdik ki, Rusiyaya qanuni səfər yalnız müvafiq kateqoriyadan olan viza və Rusiya Xarici İşlər Nazirliyindən akkreditasiya aldıqda mümkündür”, – diplomat bildirib.
Qeyd edək ki, cinayət işi açılan amerikalı jurnalist Nik Peyton Uolş və ukraynalı müxbirlər Olesya Nikolaevna Borovik və Diana Vladimirovna Butskodur. Onların barəsində irəli sürülən ittiham Rusiyanın dövlət sərhədini qanunsuz keçmək və Kursk vilayətinin Sudja yaşayış məntəqəsində videoçəkilişlər etmələri ilə bağlıdır.
Nəsimi Ələsgərli