“Zəngəzur dəhlizi açılmasa, sülh ....." – Deputatdan Əbu-Dabi görüşü barədə ŞƏRH
“Abu-Dabi görüşündə sülh müqaviləsindən öncə Zəngəzur məsələsinin müzakirə edildiyi ehtimalı yüksəkdir”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat Ermənistan baş naziri və Azərbaycan Prezidenti İlham Əliyevin Abu-Dabi şəhərində keçirilən ikitərəfli görüşünün mümkün detallarını şərh edib:
“Abu-Dabi şəhərində Ermənistan baş naziri və Azərbaycan Respublikasının Prezidenti arasında keçirilən görüş, heç şübhəsiz ki, sülhə doğru irəlilədiyimiz bu tarixi mərhələdə kritik bir hadisə idi. Ona görə kritik idi ki, sülhə gedən yol Zəngəzurdan keçir. Bu günlərdə ABŞ dövlət katibinin hər iki ölkəyə səfəri bu dəhlizin iş rejimi və Azərbaycanın maraqlarının nəzərə alınması məsələsini bir daha aktuallaşdırdı.
Mənə elə gəlir ki, bu görüşdə sülhdən də öncə müzakirə olunan məhz bu məsələ oldu. Bu dəhlizdə Azərbaycanın maraqları təmin olunmasa, paraflanmış sənədin imzalanması da şübhə altına düşə bilər. Əgər hər iki liderin ətrafındakı heyətə baxsaq, görərik ki, bu peşəkar komanda məhz iki ölkə arasında sülh məsələsi gündəmə gəldikdən sonra formalaşıb və onlar hər detalı bilirlər. Söhbət həm kommunikasiyaların açılması, sərhədlərin demarkasiya və delimitasiyası, həm də məsələnin tarixi-strateji tərəfdaşlıq kontekstində qiymətləndirilməsindən gedir. Ona görə də, düşünürəm ki, Abu-Dabi görüşü çox əhəmiyyətli oldu”.
Nurlan Cəfəri












