!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada hərbi çevriliş CƏHDİ: Putin Şoyqunu bu səbəbdən dəyişdi – DETALLAR

!Reklam – Yazi

“Düşünmürəm ki, Rusiya prezidenti Vladimir Putin sərt ritorikasına görə, Sergey Şoyqunu müdafiə naziri vəzifəsindən azad edib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov söyləyib.

Siyasi təhlilçi Rusiya prezidenti Vladimir Putinin hökumət kabinəsində həyata keçirdiyi dəyişikliklər fonunda sabiq müdafiə naziri Sergey Şoyqunun postunu tərk etməsi və onun yerinə Andrey Belousovun təyin edilməsindən söz açıb.

Siyasi şərhçiyə görə, Şoyqu uzun müddətdir ki, Rusiya Müdafiə Nazirliyinə rəhbərlik edirdi, eləcə də Ukrayna müharibəsi zamanı aydın oldu ki, rus ordusu, deyilən kimi, döyüş qabiliyyətinə malik deyil.

“Xüsusilə də keçən müddət ərzində Ukrayna müharibəsində nəzərdə tutulan proqram baş tutmadı və Ukrayna bütövlüklə Rusiyanın nəzarətinə keçmədi. Əksinə, Rusiya böyük itkilərə məruz qaldı. Savaş başlayandan bəri həm müdafiə naziri Sergey Şoyqu, həm də Baş Qərargah rəisi Valeri Gerasimov ordunun durumu və korrupsiya məsələləri ilə bağlı başda “Vaqner” rəhbəri Yevgeni Priqojin olmaqla, Rusiya ictimai-siyasi kəsimi tərəfindən ciddi tənqidlərə məruz qalırdı. Hesab edirəm ki, Rusiya prezidenti Şoyquya qarşı yönəlmiş tənqidi fikirləri daha çox əsasa aldı, nəinki onun hansısa sərt ritorikasını… Bu baxımdan, Vladimir Putin üçün sözügedən təyinat həm də Qərbdən gələcək hansısa fikirlərlə bağlı deyil. Artıq Vladimir Putin üçün Qərbin bu məsələlərə münasibəti çox da önəmli deyil”, – deyə o əlavə edib.

O.Qasımovun fikrincə, digər tərəfdən, Müdafiə Nazirliyi rəhbərliyinə mülki şəxsin təyin olunması həm də bununla bağlıdır ki, ordu içərisində qeyd olunan korrupsiya və digər məsələlərlə əlaqədar problemlərin həllində Belousovun rəhbərliyi ilə islahatlar keçirilsin və hakim təbəqəyə qarşı ordu daxilində düşüncələrin qarşısı alınsın:

“Xüsusilə də Ukraynada savaş başlayandan sonra media resurslarında bir müddət belə bir fikir yayılmışdı ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında çalışan hərbçilərin bir hissəsi ölkədə hərbi çevriliş edib, müdafiə nazirini dəyişərək, Putini zərərsizləşdirmək istəyirlər. Fikrimcə, məhz bu təyinat da adıçəkilən təhlükələrin qarşısının alınması həyata keçirilib”.

O əlavə edib ki, Şoyqu birmənalı şəkildə Putinə bağlı və ona sədaqətli olduğu üçün onun vəzifəsi dəyişdirildi, Təhlükəsizlik Şurasının katibi təyin edildi:

“Əslində, bu təyinatla Şoyqu indi tənqidlərdən daha uzaq və rahat bir kreslo tapdı deyə bilərik. O, hazırda güc strukturları üzərində müəyyən qədər nəzarəti qoruyub saxlayır, prezidentin yaxın ətrafına daxildir, lakin böyük ölçüdə məsuliyyətli sahədən artıq uzaqdır. Ona görə də bu məsələni Rusiyanın daxili məsələsi kimi qiymətləndirilməlidir.

Bundan əlavə, yeni təyinatla Ukrayna müharibəsində hansısa dəyişikliyin olacağını düşünmürəm. Çünki Rusiyada siyasəti müəyyən edən qurumlar var ki, burada əsas söz sahibi son olaraq Prezidentdir və onun müəyyən etdiyi xətt əsas götürülür. Əslində, Ukrayna savaşının da ideya müəllifi sözügedən strategiyanı hazırlayıb həyata keçirən Vladimir Putin olub”.

Qeyd edək ki, Rusiya prezidentinin sərəncamı ilə müdafiə naziri təyin olunan Andrey Removiç Belousov bundan öncə Rusiya Federasiyası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Həmçinin 65 yaşlı Belousov karyerası boyunca Rusiyanın Baş naziri, Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi və iqtisadi inkişaf naziri postlarında işləyib.

Rafi Müslümov

www.yenicag.az

330
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv