Rusiyadan GƏLƏN MESAJ: Moskva Tehranla birlikdə “Tramp yolu”nda TƏXRİBATA KEÇİR?
“8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın sağında Azərbaycan Prezidenti İlham Əliyev, solunda isə Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirak etdiyi və bütün dünyanın diqqətini çəkən bir ön protokol imzalama mərasimi keçirildi. Trampın ifadəsi ilə isə “5 il əvvəl bitmiş olan savaşı bir dəqiqədə bitirmək” mərasimi baş tutdu. Halbuki 10 noyabr 2020-ci ildə Moskvada imzalanan atəşkəsdən 5 il keçməsinə baxmayaraq, hələ də qalıcı sülh müqaviləsi imzalanmamışdı”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
O, 8 avqust Vaşinqton sazişindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə ölkədə başlayan sülh gündəliyi prosesi, habelə Rusiyaya bağlı olan erməni müxalifətinin revanşist ritorikasını şərh edib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi D. Trampın çabası ilə “Tramp yolu”na çevrildi və bu yolun 99 illik müddətə amerikalılar tərəfindən istismar ediləcəyi layihə kimi təqdim olundu:
“Paşinyan isə çıxışında bu dəhlizə toxunmadan “çoxsaylı alternativ keçid yolları” ifadəsini işlətdi. İndi isə “Tramp yolu” ifadəsi yeni anlayış kimi ön plana çıxır. Bölgəyə yeni aktor kimi ABŞ-nin daxil olması İran və Rusiyanı ciddi şəkildə narahat edib. Dünən İran Prezidenti Məsud Pezeşkian İrəvanda bəyan etdi ki, heç vaxt Ermənistanın suverenlik hüquqları və sərhədlərində nəzarətdən kənar mexanizmin formalaşmasına icazə verilməyəcək. Eyni zamanda Rusiyanın da sərgilədiyi mövqeyə baxsaq, analoji fikirləri görərik”.
O, sonda söyləyib ki, Rusiya bu məsələyə, xüsusilə də Paşinyana Gürcüstanda sabiq Prezident Mixeil Saakaşviliyə qarşı tətbiq etdiyi siyasət kontekstində yanaşır:
“Hazırda Ermənistan müxalifəti Rusiyanı direktivləri ilə İranla birlikdə Paşinyana qarşı təzyiq siyasəti həyata keçirilməyə başlayıb. Eyni zamanda Rusiya da 25 dekabr 2024-cü ildə Azərbaycan təyyarəsini vurduqdan sonra Bakıya qarşı tətbiq etdiyi təzyiq siyasətini daha da gücləndirməyə çalışır. Bununla yanaşı, Ukraynada da Azərbaycanın enerji resurslarına qarşı açıq mübarizə aparır. Belə şəraitdə Cənubi Qafqazda Rusiya-İran ittifaqı “Tramp yolu”nun açılmasının qarşısını almaq və sülh sazişinə gedən prosesin önünü kəsmək üçün bu qüvvələr bütün vasitələrlə mübarizə aparacaq”.
Rafi Müslümov