Rusiyanın Baltikyanı ölkələr və Cənubi Qafqaza MÜDAXİLƏSİ: “Putinin ən böyük səhvi ola bilər”
“Rusiyanın Baltikyanı ölkələr və Cənubi Qafqaza təsir və müdaxilə etmək planı Putinin ən böyük səhvi ola bilər.”
Bu fikirləri Yenicag.az-a açıqlama verən politoloq Sahil Kərimli bildirib.
Politoloq, Baltikyanı ölkələrin sərhədlərində xəndək qazmasını və bir çox analitiklərin Rusiyanın Ukraynadan sonra həmin ölkələrə hücum planlamasını şərh edərək, bu fikirlərlə razılaşıb:
“Rusiyanın Ukraynada müharibədən sonra Avropanın bir çox ölkələrinə, xüsusilə də NATO ilə qarşıdurmaya girməsi uzun müddətdir müzakirə olunur. NATO və Avropa dairələri narahatdır ki, Rusiya Ukraynadakı müharibəni genişləndirərək yeni hücumlara başlaya bilər. Bu səbəbdən Baltikyanı ölkələr ciddi təhdid altındadır və qabaqlayıcı tədbirlər görür, müdafiə sistemləri qururlar. Əgər Rusiya Ukrayna cəbhəsində məqsədinə çatsa, digər cəbhələrdə də hərbi əməliyyatlar başlaya bilər. Qərb və Avropa dairələri uzun müddətdir bu mövzuya ehtiyatla yanaşır və görünür ki, Avropa ölkələrində bu barədə məxfi məlumatlar mövcuddur.”
Sahil Kərimli vurğulayıb ki, Rusiyanın planı Baltikyanı ölkələrdən başlayaraq Cənubi Qafqaza qədər uzanır:
“Rusiyanın son illərdə həyata keçirdiyi siyasət, hərbi əməliyyatların qızışdırılması və planlarının genişləndirilməsi artıq açıq-aşkar görünür. Eyni zamanda, Rusiya son dövrlərdə Cənubi Qafqazdakı proseslərə də müdaxilə etməyə başlayıb. Ermənistanda daxildə gərginlik yaradılması, radikalların təşviqi, kilsənin Paşinyan hökumətinə qarşı çıxması və azərbaycanlılara qarşı aqressiv hərəkətlər bunun bariz nümunələridir. Bu, Rusiyanın dayanmaq niyyətində olmadığını, həm Avropa və Qərb cəbhəsində, həm də Qafqazda hegemonluğunu qorumaq üçün fəaliyyət göstərdiyini göstərir. Politoloqun fikrincə, Rusiya bu miqyasda aqressiv addımlar atmaqla böyük səhv edir, çünki NATO və Qərblə qarşıdurmanın genişlənməsi, eləcə də Cənubi Qafqazdakı gərginliyin artması Rusiyanın xeyrinə deyil, əksinə ziyanına olacaq”
Nurlan Cəfəri