“Rusiya nə qədər əlindəkiləri itirməyib, razılaşmaya maraq göstərməlidir. Ancaq çox maraqlıdır ki, Moskvadan belə siqnallar gəlmir”.
Bu fikirləri Rusiya ordusunun Ukraynanın şimal hissəsindən çəkilməsi, Ukrayna ordusunun bəzi yaşayış məntəqələrini işağldan azad etməsi fonunda danışıqlar masasındakı ağırlıq nisbətinin necə dəyişəcəyini şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.
Elxan Şahinoğlu bildirib ki, Rusiya hərb meydanında nə qədər uğursuzluğa düçar olsa da, masada yenə diqtəedici tərzindən əl çəkmir:
“Hərb meydanında baş verənlərin masaya hansısa bir təsiri yoxdur. Rusiya özünü elə aparır ki, guya uğurlar qazanır və nəyəsə diqtə edə bilər. Artıq o dövr keçdi. Rusiya müharibənin ilk günləri diqtə edə bilərdi, hətta Kiyevə də yaxınlaşmışdı. İndi uzaqlaşdırılıblar, özləri də bəzi şəhərlərdə qətliamlar törədərək çəkilirlər. Məntiqlə baxanda danışıqlara Rusiya meyilli olmalıdır. Rusiyalı mütəfəkkirlər hələ yüz illər bundan əvvəl deyiblər ki, Rusiyanı məntiqlə anlamaq mümkün deyil. Məsələyə məntiqlə yanaşmırlar. Yenə də şərtlərini ditqə edirlər.
Rusiyanın bir neçə planı vardı. A planı – yəni Kiyevin ələ keçirilməsi alınmadı. Keçiblər alternativ plana. Bu plan Donbas ərazisinin genişləndirilməsi, Mariupolun ələ keçirilməsi və Krıma quru yolun əldə edilməsini özündə ethiva edir. Yalnız bu istiqamətdə uğurları var ki, Krıma quru yolu Xerson üzərindən əldə ediblər. Mariupolu tam ələ keçirə bilməyiblər, bu onlara ciddi problem yaradır. Donbasın ərazisini bir qədər genişləndiriblər. Əslində, burada da Rusiyanı təhlükə gözləyəcək. Ukrayna ordusunun uğurları artdıqca motivasiyası da güclənəcək. İtirdiyi digər əraziləri də geri qaytarmağa çalışacaqlar.
Qətliamların fonunda isə Ukraynanın da danışıqlara marağı azala bilər. Baxmayaraq ki, Zelenski dünən razılaşmaq istədiklərini dedi. Ancaq Ukraynada intiqam hissi güclənib. Hələ bilmir ki, digər şəhərlərdə nələr baş verib. Zelenski dünən bildirdi ki, digər şəhərlərdə Buçadan daha dəhşətli görüntülər müşahidə edə bilərik. Ukrayna cəmiyyəti Zelenskidən tələb edə bilər ki, razılaşmaya getməsin, rusları sərhəddən qovana qədər müharibəyə davam etsin”.
Səxavət Məmməd
www.yenicag.az