“Rusiya tələb edir ki, Ukrayna Krımı Rusiyanın tərkib hissəsi kimi tanısın. Ordusu tərk-siah olsun. NATO-ya üzv olmaq istəyindən vaz keçsin. Bu elə tələblərdir ki, heç bir müstəqil dövlət bunu qəbul etməz”.
Bu sözləri Rusiya-Ukrayna müharibəsinin geridə qalan bir həftəsi və baş verə biləcək siyasi prosesləri şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Zərdüşt Əlizadə bildirib ki, Qərbin əlində Rusiyaya tətbiq edə biləcək bəzi sanksiyaları qalıb:
“Putin və onun ətrafının bütün varidatı müsadirə edilə bilər. Bunu hələ etməyiblər. Hazırda siyahı hazırlayırlar. Hələlik siyasi oyun gedir.
Müharibə 10 günə qədər də uzanacaq. Bu müddət ərzində hər iki tərəf çalışacaq ki, əlindəki üstün cəhətləri ortaya qoysunlar, razılaşmada öz iradəsini digər tərəfə qəbul etdirə bilsinlər. Rusiya məğlubiyyətə uğrayacaq. Hətta Rusiya məğlub olduğunu etiraf etsə belə, Qərb Rusiyaya tətbiq etdiyi cəza tədbirlərini davam etdirəcək. Bu o vaxta qədər davam edəcək ki, Rusiya tamamilə çökəcək”.
Səxavət Məmməd
www.yenicag.az