Rusiyanın Sovet AZARI – Lavrov niyə Ankoricə “SSRİ-ni APARDI”?
“Bu görüşün ABŞ və Rusiya prezidentləri arasında keçirilməsi birbaşa onu göstərir ki, müzakirələr, əsasən, hər iki dövlətin maraqları çərçivəsində aparılacaq. Əgər Ukrayna mövzusu bu görüşün əsas gündəliyində olsaydı, Ukrayna prezidenti və Avropanın bəzi ölkələrinin liderləri də prosesə cəlb edilərdi. Bu səbəbdən, böyük ehtimalla, görüşdə üstün mövqedə məhz ABŞ və Rusiyanın maraqlarına xidmət edən məsələlər müzakirə olunacaq”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
Siyasi təhlilçi bu gecə ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində baş tutması gözlənilən Tramp-Putin görüşü, eləcə də Rusiyanın XİN rəhbəri Sergey Lavrovuv üzərində SSRİ yazılan idman geyimində gəlməsinin siyasi səbəblərini şərh edib.
Onun sözlərinə görə, Tramp və Putinin bir-birinə böyük etimad bəslədiyini söyləmək çətindir:
“Gizli razılaşma və ya sövdələşmə versiyası varsa belə, bu, o qədər də inandırıcı görünmür. İlk görüş olduğuna görə tərəflər ilk növbədə qarşı tərəfin müəyyən əsas məsələlərlə bağlı mövqeyini öyrənməyə çalışacaqlar. Yəni əsas məqsəd – bir-birinin konkret mövzular üzrə baxışlarını anlamaqdır”.
Onun sözlərinə görə, Ukrayna ilə bağlı ciddi razılaşmaların əldə olunacağı gözlənilmir:
“Hətta bu mövzunun görüşün aparıcı gündəm mövzuları sırasında olacağı da ehtimal edilmir. Daha çox ABŞ və Rusiya prezidentləri öz ölkələrinin strateji maraqlarına aid məsələlər üzərində fikir mübadiləsi aparacaqlar. ABŞ-nin hazırkı mövqeyi Ukraynada atəşkəsə nail olmaqdır. Lakin Putinin bu məsələdə tamamilə fərqli mövqe tutduğunu nəzərə alsaq, atəşkəslə bağlı razılaşmanın əldə olunacağı ehtimalı da zəifdir”.
“Üstəlik, Avropa ölkələri əvvəldən bəyan ediblər ki, onların və Zelenskinin iştirakı olmadan Ukrayna ilə bağlı əldə olunacaq hər hansı razılaşmanı qəbul etməyəcəklər. Bu səbəbdən, Tramp və Putinin Ukrayna barədə ciddi razılaşmaya gəlməsi çətin görünür. Mövzuya toxunula bilər, müxtəlif aspektlərdən müzakirə edilə bilər, lakin əsas gündəm mövzusu olması gözlənilmir”, – deyə o, əlavə edib.
Müsahibimiz onu da söyləyib ki, görüşdən sonra yeni bir görüşün keçirilib-keçirilməyəcəyi də bəlli deyil:
“Baxmayaraq ki, Tramp görüşdən əvvəl Putini şirnikləndirmək məqsədilə ona Alyaskada investisiya imkanları təklif edib və Rusiyaya qarşı bəzi sanksiyaların qaldırılması ilə bağlı anons verib. Trampın məqsədi, görünür, müəyyən iqtisadi məsələlər müqabilində razılığa gəlmək imkanı yaratmaq olub. Lakin Putini bu gün düşündürən əsas məsələ iqtisadiyyat deyil – o, Ukraynanın tam ilhaqını hədəfləyir. Əgər əsas məqsəd iqtisadi güzəştlər olsaydı, bu müharibə heç başlamazdı və Rusiya Qərbdən istədiyi iqtisadi imkanları danışıqlar yolu ilə əldə edərdi”.
“Lavrovun görüşə SSRİ dövrü formasında gəlməsinə gəlincə, bunu şərh etmək çətindir. Əgər Lavrov Rusiya prezidenti olsaydı, bu addımı müəyyən ciddi nəticələr çıxarmaq üçün əsas kimi qiymətləndirmək olardı. Lakin Lavrov hər nə qədər yüksək vəzifə tutsa da, Rusiyanın nə daxili, nə də xarici siyasətini müəyyən edən şəxs deyil. Buna görə də onun atdığı addımlarda və jestlərində ciddi pərdəarxası məna axtarmağa dəyməz”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov