Rusiyanın Ukraynada irəliləməsi DETALLARI: Pokrovskdan sonra... - ŞƏRH
“Trampın Rusiyanı durdurmağa imkanı yoxdur”.
Bu sözləri Rusiyanın son günlər Ukrayna cəbhəsində hücumlarını artırması, Pokrovsk istiqamətində vəziyyətin ağırlığı və sahədə gözlənilənləri Yenicag.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, Rusiyanın genişmiqyaslı hücumları gözləniləndir:
“Ukrayna tərəfi də təsdiq edir ki, bütün cəbhə boyu Rusiya ordusu irəliləyir. Xarici analitiklər də bu yöndə fikirlər səsləndirirlər.
Pokrovsk böyük yaşayış məntəqəsidir. Logistika baxımdan da Pokrovsk çox önəmlidir. Rusiya Pokrovsku götürərsə, bundan sonra düzənliyə çıxmaq şansı qazanacaq. İndiyə kimi yaşayış məntəqələri uğrunda döyüşlər gedirdi. Yaşayış məntəqələrini az sayda şəxsi heyətlə müdafiə etmək mümkün idisə, düzənlikdə bunu etmək çətin olacaq. Ukrayna tərəfi ara sıra əks həmlələr edir. Ancaq əks həmlələrin ardını gətirmək imkanları çox azdır. Ona görə də, Ukrayna tərəfinin sahədə nəyəsə nail olacağını demək olmaz”.
Ekspert bildirib ki, hazırda Odessa ilə bağlı planlar var, Xarkov məsələsi yenidən gündəmə gəlib:
“Bütün proseslər onu göstərir ki, Tramp hansısa oyun oynayır. Sanki ya Ukrayna məsələsində Rusiyanın xeyrinə razılaşma var, ya da, Trampın Rusiyanı durdurmağa imkanı yoxdur və açıq savaşa girmir. Tramp Çinlə danışıqlarda da Rusiyanı dayandırmaqla bağlı dəstək ala bilməyib.
Rusiya hücum əməliyyatını gücləndirə bilər ki, maksimum ərazi işğal edib, sonra danışıqlara getsin. Bu xətti biz açıq şəkildə görürük”.
Səxavət Məmməd













