“Rusiyanın yaxın gələcəkdə yeni prezidenti, böyük ehtimalla, Aleksey Dumin olacaq. Əgər Dumin hazırkı vəzifələrinin öhdəsindən gələrsə, o, Rusiya üçün ən real namizəddir.
Onun həm Müdafiə Nazirliyində çalışması, “FSB” yetirməsi olması buna sübutdur. Dumin eyni zamanda mühafizə xidməti və qubernatorluq da çalışıb. O siyasət elmləri doktorudur. Maraqlıdır ki, onun elmi müdafiə sahəsi Rusiyanın G8(indi G7) ölkələri ilə münasibətləri olub ki, bu da Putin üçün kifayət qədər maraqlı istiqamətdir”.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat nüfuzlu Harvard Universitetinin “Rusiyanın gələcək lideri və Putinin varisi” ilə bağlı hesabatında dərc olunub.
Bildirilib ki, A. Dumin hər şeydən öncə Rusiya siyasətində xilaskar imicinə malikdir.
“Putin özü də məhz bu imiclə Kremlə gəlmişdir. Çünki Putin Boris Yeltsinin son qoya bilmədiyi Çeçen savaşına dəmir yumruqla son qoyaraq parlamışdır. Dumin isə özünü artıq Krımda qanunsuz ilhaqda sübut edib. O Krımın anneksiyasının əsas planlayıcısı olmasa belə, meydanda menecerliyi məhz özü etmişdir. O, eyni zamanda, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin 2014-cü ildə Kiyevdən təxliyəsində xüsusi fəallıq göstərmişdir”, – deyə qeyd edilir.
Hesabatda həmçinin o da qeyd olunub ki, bir çoxları Belarus lideri Aleksandr Lukaşenkonu “Vaqner”in rəhbəri Yevgeni Priqojinin təşkil etdiyi üsyanın yatırılmasında əsas vasitəçi hesab etsə də, Ukrayna kəşfiyyatı qeyd edir ki, məhz Dumin vasitəçilik etməklə Priqojini razı salmış və Putin üçün öz əhəmiyyətini artırmışdır. Bundan əlavə, vurğulanıb ki, Putin Duminə çox güvənir və o sürətlə Rusiya siyasətində yüksəlməkdə davam edir.
Hesabatda səslənən iddialardan biri isə budur ki, Putinin mümkün varisləri arasında son dövrlər şansını artıran Dumini dəstəkləyənlərdən biri də Ramzan Kadırovdur.
“Rusiyalı müxalif lider olan Mixail Xordorkovski hesab edir ki, buna qədər Dmitri Medvedev, Dmitri Patruşev, Sergey Şoyqu Putinin mümkün varisləri arasında ən şanslı idilər. Lakin yaş etibarilə Dumin onların hər birindən daha şanslı namizədə çevrilib. Həmçinin Dumin Medvedev istisna olmaqla, digər namizədlərdən fərqli olaraq, həm ordu, həm təhlükəsizlik elitası, həm də qubernatorluq sektorunda çalışmış və yüksəlmiş yeganə fiqurdur.
Lakin bir çox hesabatlara əsasən, Dumin, əgər Putin onu ölmədən öncə varis seçərsə şanslıdır. Putin onu varis kimi elan etməzsə, onun ölümündən və hakimiyyətdən gedişindən sonra Duminin yeni prezident olmaq şansı azala bilər”.
Rafi Müslümov
www.yenicag.az