Rusiyaya qarşı sanksiyalar YUMŞALDILIR? – “Hələ amerikalılarla danışmamışıq”
Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan bildirib ki, hazırda Brüssel ilə Rusiyaya qarşı sanksiyaların mümkün yüngülləşdirilməsi ilə bağlı danışıqlar aparılmır.
Yenicag.az xəbər verir ki, bu barədə o, “Bloomberg”ə verdiyi müsahibədə deyib.
O’Sallivana görə, Vaşinqton hələ də Rusiyanın atəşkəs razılaşması əldə etmək üçün ən mühüm tələblərindən biri olan sanksiyaların yüngülləşdirilməsi barədə Aİ-yə müraciət etməyib.
“O məsələyə hələ amerikalılarla danışmamışıq”, – Aİ rəsmisi qeyd edib.
O, əlavə edib ki, Aİ-nin mövqeyi ondan ibarətdir ki, sanksiyalar Rusiyaya qarşı danışıqlarda çox mühüm təzyiq vasitəsidir və ondan istifadə olunmalıdır.
“Lakin ondan ağıllı və tədricən istifadə edilməli, yalnız sabit və dayanıqlı bir sülhün əldə olunmasına yönəlik həllin kontekstində”, – deyə avropalı nümayəndə vurğulayıb.
Xatırladaq ki, aprelin 4-də Prezident Vladimir Zelenski ABŞ-dən Rusiyanın atəşkəsdən imtina etməsinə cavab olaraq sanksiyaların gücləndirilməsini gözlədiyini bildirmişdi.
“Reuters” agentliyinin məlumatına görə isə son günlər Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri, ABŞ-nin yaxın aylarda Ukrayna üzrə sülh razılaşması əldə etməyə bilməyəcəyini etiraf etməyə başlamışdır.
Rafi Müslümov