Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşı rüşvət verməyə təhrik edib pulunu ələ keçirən Babayev İlkin Əbülfəz oğlunun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır.
Yenicag.az xəbər verir ki, istintaqla İlkin Babayevin özünü işgüzar və geniş əlaqələrə malik şəxs kimi təqdim edib guya prokurorluq orqanlarında yuxarı vəzifə tutan yaxın münasibəti olduğu səlahiyyətli şəxs vasitəsilə məhkəmənin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik göstərilməsi barədə təqsirləndirilənin yaxın qohumuna yalan vəd verərək, ona olan inam və etibardan sui-istifadə etməklə 2020-2021-ci illər ərzində ayrı-ayrı vaxtlarda sonuncudan ümumilikdə 30 min manat məbləğdə pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də qeyd olunan hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.
İş üzrə toplanmış sübutlar əsasında Babayev İlkin Əbülfəz oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.
www.yenicag.az