“Başqa siyasətçi olsaydı, Avropadakı rahat həyatı, yaxşı maaşı qoyub yenidən alovun içinə atılmazdı”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin ölkəyə qayıdışının mümkün nəticələrini şərh edən politoloq Elxan Şahinoğlu səsləndirib.
Elxan Şahinoğlu Saakaşvilinin Gürcüstanda sərbəst siyasi fəaliyyətlə məşğul olmasının hakim partiyanın problemlərini artıracağını qeyd edib:
“Gürcüstan hakimiyyəti bələdiyyə seçkisinə bir gün qalmış dilemma ilə üzləşib. Gürcüstana qayıdan eks-prezident Mixail Saakaşvilini həbs etmək də problem yaradacaq, sərbəst fəaliyyətinə şərait yaratmaq da. Ukrayna vətəndaşlığı olan Saakaşvilinin həbsi onun reytinqini daha da artıracaq, ABŞ və Avropa onu siyasi məhbus kimi qiymətləndirəcək və rəsmi Tbilisiyə təzyiqi artıracaq. NATO və Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoyan Gürcüstan hakimiyyəti Qərbin təzyiqlərinə nə qədər dözə bilər? Mixail Saakaşvilinin Gürcüstanda sərbəst siyasi fəaliyyət göstərməsi isə İvanişvilinin hakim “Gürcü arzusu” partiyasının problemlərini artıracaq.
Mixail Saakaşvili yenə dediyini etdi. Vaxtilə onu keçmiş dostu Ukraynanın eks-prezidenti Petro Poroşenko da zorla Avropaya ekstradisiya etmişdi. Başqa siyasətçi olsaydı, Avropadakı rahat həyatı, yaxşı maaşı qoyub yenidən alovun içinə atılmazdı. Saakaşvili elələrindən deyil. Quru yolla Ukraynaya keçdi, həmin anda onu həbs edə bilməsələr də, sonradan yenidən ölkədən zorla çıxarırlar. Vladimir Zelenski prezident seçiləndən sonra Mixail Saakaşviliyə Ukraynaya qayıtmağa icazə verdi, onu Milli İslahatlar Şurasına başçı təyin etdi. Saakaşvili bu vəzifədə ikən Ukraynada iqtisadi islahatların dərinləşdirilməsinə var gücüylə çalışdı, ancaq alınmadı, çünki qarşısında güclü korrupsiyalaşmış oliqarxik sistem var. Ürəyi Gürcüstanla döyünən Saakaşvili üçün vətənində yeni mübarizə dövrü başlayır”.
www.yenicag.az