SAAT UKRAYNA ÜÇÜN İŞLƏYİR: Azərbaycanın sülhməramlı qoşun çıxarması GÜNDƏMDƏ
“Azərbaycanın Ukraynada gələcəkdə iştirak edib-etməməsi zamanı gəldikdə qərar verilməsi tələb olunan məsələdir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

O, Britaniya, Fransa və Türkiyə qoşunlarının Ukraynaya “etimad qüvvəsi” kimi göndəriləcəyi barədə fikirlərini səsləndirib.
Politoloq bildirib ki, Ukrayna hələ sülhməramlıları qəbul etmək mərhələsindən uzaqdır.
“Əgər Ukraynanın sülhməramlıları qəbul etməsi prosesi gündəmə gələrsə, bu barədə ətraflı danışmaq olar. Türkiyənin bu əməliyyatlarda iştirak etməsi üçün əsaslar mövcuddur. Çünki bir neçə dəfə vasitəçilik edib. Onun vasitəçiliyi az da olsa, müəyyən nəticələr verib. Həm Ukrayna, həm də Rusiya Türkiyəyə bu məsələdə neytral tərəf kimi yanaşırlar”, – deyib.
Aydın Quliyev eyni zamanda Azərbaycan sülhməramlılarının da Ukraynaya getmə ehtimalından danışıb:
“Azərbaycan sülhyaratma əməliyyatlarında iştirakla bağlı məsələlərə ehtiyatla yanaşır. Bu, düzgün yanaşmadır. Azərbaycan indiyədək çox sayda sülhməramlı əməliyyatlarda iştirak edib. Hər birində də Azərbaycanın iştirakı səmimi olub. İstər Əfqanıstanda, istər İraqda, istərsə də Kosovoda.
Son günlər Azərbaycanın Qəzzaya sülhməramlı qruplar göndərmək məsələsindən imtina etməsi də düşünülmüş və real şəraitə uyğun olan addımdır. Eləcə də Azərbaycanın Ukraynada gələcəkdə iştirak edib-etməməsi zamanı gəldikdə qərar verilməsi tələb olunan məsələdir.
Azərbaycan indiyədək Ukraynada gedən müharibəyə sülhsevər və neytral mövqe nümayiş etdirib. Yəni Ukrayna xalqının haqqını dəstəkləməklə yanaşı, hərbi əməliyyatlarda hər hansı formada iştirak etməyib. Sülhsevər əməliyyatlarda isə Azərbaycanın gələcəkdə iştirakı prinsip etibarilə mümkün olsa da, bununla bağlı qərarın vaxtında verilməsi daha məqsədəuyğundur”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












