Sabahdan hava şəraiti mülayimləşəcək
İyunun 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacaq, səhər kəsiləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, cənub küləyi əsəcək. Səhər və gündüz yarımadanın bəzi yerlərində şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında da iyunun 14-ü səhər saatlarında yağışın kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.