!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq nazirdən devalvasiya proqnozlarını alt-üst edən ARQUMENT: “Ən azı 4-5 il ərzində hər hansı...”

!Reklam – Yazi

“Azərbaycanın istər Mərkəzi Bankda, istərsə də Neft Fondunda toplanan strateji valyuta ehtiyatlarının həcmi vurğuladığım normadan dəfələrlə çoxdur”.

Bu fikirləri son günlərdə bəzi ekspertlərin ölkədə devalvasiyanın qaçılmaz olduğuna dair səsləndirdikləri proqnozların iqtisadi qanunauyğunluğa əsaslanmadığını bildirən sabiq maliyyə naziri, professor Saleh Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, Azərbaycanın strateji valyuta ehtiyatlarının mövcud həcmi yaxın illər üçün devalvasiya zərurətini aradan qaldırır:

“Açıq deyim ki, bu, əsasında obyektivlik və qanunauyğunluq olmayan çox məsuliyyətsiz bir çıxışdır. Bunun səbəbini də izah edim. Hazırda Azərbaycan özünün valyuta ehtiyatlarına, yaxud da valyuta rezervlərinin Ümumi Daxili Məhsula nisbətinə görə Skandinaviya dövlətləri ilə Sinqapur da daxil olmaqla, dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsindədir. Belə bir vəziyyətdə Azərbaycanda devalvasiyanın qaçılmaz olduğunu iddia etmək tamamilə əsassız və məsuliyyətsiz yanaşmadır.

Digər tərəfdən, belə yersiz bəyanatlar cəmiyyətdə ciddi narahatlığa səbəb ola bilər. Azərbaycana xarici təzyiqlərin artdığı bir dönəmdə vətəndaşlar bu məzmunda açıqlamaları oxuyurlar, insanların bir qismi o deyilənlərə inanır, təcili tədbir görməyə çalışır və nəticədə arzuedilməz problemlər ortaya çıxır. Konkret desək, insanların bir çoxu devalvasiya olacağına dair iddiaların təsiri altında banklardan öz əmanətlərini götürməyə və o vəsaitləri dollara çevirməyə can atacaqlar. Ümimiyyətlə, Azərbaycanda manatın məzənnəsi və devalvasiya kimi məsələlər əsasən bir faktora – valyuta ehtiyatlarına bağlıdır.

Beynəlxalq Valyuta Fondunun normativlərinə əsasən, Azərbaycanın valyuta ehtiyatları 8-9 milyard dollar civarında olmalıdır. Ancaq reallıqda Azərbaycanın istər Mərkəzi Bankda, istərsə də Neft Fondunda toplanan strateji valyuta ehtiyatlarının həcmi vurğuladığım normadan dəfələrlə çoxdur. Bu gün Mərkəzi Bankdakı valyuta ehtiyatlarının həcmi təqribən 12 milyard dollardır. Neft Fondundakı valyuta ehtiyatlarının həcmi isə 58 milyard dollara yaxınlaşır. Yəni prezident də son müşavirədə elan etdi ki, ölkənin valyuta ehtiyatlarının həcmi haradasa 70 milyard dollar təşkil edir.

Ölkənin bu qədər geniş valyuta ehtiyatları olduğu halda devalvasiyaya heç bir zərurət qalmır. Diqqət edin, Azərbaycanın ötənilki idxal göstəricisi 17 milyard dollar olub, ixrac isə 28 milyard. 11 milyard dollara yaxın müsbət xarici ticarət saldosu ilə devalvasiya haqqında necə danışmaq olar? Belə bir vəziyyətdə Azərbaycana 9 milyardlıq valyuta ehtiyatı da yetərlidir. Azərbaycanda isə tələb olunan bu qədər vəsaitdən əlavə 61 milyard dollar əlavə resurs var. Bu isə o deməkdir ki, Azərbaycan xaricə heç bir məhsul ixrac etməsə və devalvasiyaya getməsə belə, mövcud resurslar sayəsində özünün idxal tələbini azı 4-5 il ödəyə bilər. Bütün hallarda Azərbaycanın ölkəyə gəlir gətirə biləcək sahələri az deyil. Yəni Azərbaycanın valyuta ehtiyatlarının sabitliyini qoruyub saxlamaq üçün yetərli imkanları var”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv