Baş prokurorun keçmiş birinci müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli Sumqayıtın icra başçısı Zakir Fərəcovun əməlləri haqda silsilə yazılarla çıxış edir.
Yenicag.az AzEuroNews.com-a istinadən partiya sədrinin üçüncü diqqət çəkən məqaləsini təqdim edir. Yazıda ölüm işlərindən bəhs olunur:
Binəqədi məmurları polisə aparılıb
“Əvvəldən qeyd etdiyimiz kimi, havadarları, çoxlu sayda torpaqlar, mülklər bağışladığı iqtidar sahiblərinin dəstəyi ilə Zakir Fərəcovun törətdiyi əməllərin, özbaşınalıqların sayı hesabı yoxdur.
Bu özbaşınalıqlar o həddə çatmışdır ki, nəinki özünün ağalıq etdiyi ərazilərdə, hətta , rəhbərlik etdiyi inzibati əraziyə daxil olmayan rayonlarda da hökmranlıq edir, cəzalar tətbiq edir.
Bir müddət öncə onun Novxanı ilə Sumqayıt arasında törətdiyi qoçuluq da çoxlarının yadından çıxmayıb.
Azərbaycanın vahid inzibati ərazi xəritəsinə uyğun olaraq bu iki məntəqə arasında, dənizkənarı hissədə Binəqədi rayonuna aid müəyyən sahə də mövcuddur.
Buna baxmayaraq, Novxanı ilə Sumqayıt ərazisinin dənizkənarı hissəsinin yanındakı çimərlik ərazisini tam ələ keçirmək məqsədi ilə Z.Fərəcov burada “ Sumqayıt “ yazılan guşə yaratmış , bununla da Binəqədi rayon ərazisini faktiki zəbt etmişdir.
Buna imkan vermək istəməyən Binəqədi icra hakimiyyətinin sabiq rəhbərliyi “Sumqayıt” yazılan lövhəni oradan çıxarmış, özünün qanuni ərazisini bərpa etmək istəmişdir. Sizcə, Z.Fərəcov buna necə reaksiya vermişdir?
Çox sadə, onun tapşırığı ilə hadisə yerində olan Binəqədi icra hakimiyyəti başçısının müavini, işçilər zorla maşına basılaraq Sumqayıt şəhər polis idarəsinə aparılmış, bir müddət orada həbs edilmişlər.
Başqa bir misal. Z.Fərəcov Binə bələdiyyə sədri (əslində, bu ərazi Sabunçu rayonunun ərazisidir) Babaxana qarşı iddia irəli sürmüş, pul istəmiş, o da verməmiş, hətta, Z.Fərəcovu təhqir etmişdir.
Buna cavab olaraq Z.Fərəcov müxtəlif bəhanələrlə onu şərlərək tutdurmuş və o hal-hazırda da zindandadır. Nə isə, yenə keçək ölüm hadisələrinə:
Daha bir ölüm…
Əvvəllər, yəni, sovetlər dönəmində komsomolun birinci katibi olmuş, sonra isə Qobu qoyunçuluq sovxozunun direktoru işləmiş Balağa adlı şəxs də Z.Fərəcovun qəzəbinə tuş gəlmişdir.
Tələb edilən pulu vermək istəməyən Balağa şərlənərək həbs edilmiş, uzun müddət cəzaçəkmə müəssisəsində cəza çəkmiş, çıxdıqdan bir az sonra isə dünyasını dəyişmişdir.
Fərəcova sui-qəsd
3 avqust 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a belə bir məlumat daxil olmuşdur ki, dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə sui-qəsd etməyə cəhd, yəni, terror aktı törətmək istəyən Arif Aslanov və Məmmədhəsən Ağayev Azərbaycan Resğublikası Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmişlər.
İstintaq müəyyən etmişdir ki, Arif Aslanov Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin rayonlararası texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləmişdir.
Fəaliyyəti zamanı xidməti işləri ilə əlaqədar Abşeron rayon icra hakimiyyətinin başçısı Z.Fərəcovla aralarında ciddi narazılıqlar yaranmışdır.
İstintağın yazdığına əsasən, 2005-ci ilin noyabr ayının sonları- dekabr ayının əvvəllərində Z. Fərəcova sui-qəsd etmək qərarına gələn A.Aslanov tanışı M.Ağayevə bu barədə sifariş etmiş və 60 min ABŞ dolları vəd edərək avans kimi 40 min ABŞ dolları vermişdir.
Müəyyən hazırlıq işləri görən M.Ağayev əlavə daha 40 min ABŞ dolları tələb etmişdir. A.Aslanovun əlavə məbləğdə pul verməkdən imtina etməsi səbəbindən Z.Fərəcova qarşı terror aktı baş tutmamışdır.
Bəri başdan qeyd edim ki, şəxsiyyət əleyhinə törədilən qəsdləri, terror aktlarını birmənalı olaraq qətiyyətlə pisləyirəm və berə hərəkətlərə görə qanunla nəzərdə tutulmuş sərt tədbirlərin tərəfdaram.
Bununla belə, bu cür hallarda qisasçılığın da ən sərt formada tətbiq edilməsini doğru hesab etmirəm. Bəli, indiki halda, xoşbəxtlikdən, faciə baş verməmiş, terror həyata keçirilməmişdir.
Ona görə də, belə halda ən sərt cəza növləri seçilməsi cəzanın humanizm prinsiplərinnə uyğun gəlmir və adekvat deyildir.
Təəssüf ki, bir çox hallarda olduğu kimi,bu hadisədə də humanizm prinsipləri arxa plana atılmış, keçmiş milli təhlükəsizlik nazirliyinin rəhbərliyi öz qəddarlığını bütün gücü ilə nümayiş etdirmişdir.
Bu quldur dəstənin rəhbərliyi ilə Z.Fərəcovun əlaqələri ən yüksək səviyyədə olduğundan istintaq tərəfi ona müsbət münasibətini bir daha nümayiş etdirmişdir.
Məhz dağıdılmış nazirliyin rəhbəri , hüdudsuz cinayətlər törətmiş, bu gün də məsuliyyətdən kənarda qalmış E.Mahmudovun tapşırığı ilə A.Aslanova heç bir güzəşt edilməmiş, əksinə , əlavə maddələr də yükləməklə ona 11 il 3 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir.
Bu zaman onun ilk dəfə cinayət törətməyə cəhd etməsi, ailə vəziyyəti, eləcə də xəstəliyi nəzərə alınmamış, ömürlük gedər gəlməzə göndərilmişdir.
Çox keçmir, A.Aslanovun bir sıra xəstəlikləri, xüsusən də böyrək çatışmazlığı şiddətlənir, lakin, müalicəsinə lazımı şərait yaradılmır.
Vəziyyəti getdikcə ağırlaşdığından və müalicə müəssisəsində lazımı şərait olmadığından A.Aslanov həftədə 3 dəfə dializ olunmaq üçün Mərkəzi Neftçilər Xəstəxanasına aparılır.
Vəkillərin çoxsaylı yazılı və şifahi müraciətlərinə baxmayaraq cəzaçəkmə müəssisəsinin rəhbərliyinin və məhkəmənin birbaşa fəaliyyətsizliyi nəticəsində məhkumun vəziyyəti getdikcə ağırlaşmaqda davam edir.
Məhkəmə humanizm prinsiplərini rəhbər tutaraq belə ağır xəstəni dərhal azad etək əvəzinə, süni surətdə vaxtı uzadır ki, bunun da nəticəsində iş Avropa Məhkəəsinə qədər gedib çıxaraq icraata götürülür .Lakin…
A.Aslanovun səhhəti ağır olduğu halda, məhkəmə onun barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçir, faktiki onu işgəncəyə məruz qoyur , bununla da göz görə-grə ölümə məhkum edir.
Sözsüz ki, belə qəddar münasibətdə tifaqı dağıdılmış nazirlik rəhbərliyinin də xofu az rol oynamır. Beləliklə də vaxtında zəruri tibbi yardım ala bilməyən A.Aslanov çox keçmir ki, xəstəxanada dünyasını dəyişir.
Daha bir ölümə qəsd…
Bu gün tam toxunulmaz hesab edilən Z.Fərəcovun saysız hesabsız qanunsuz əməllərindən birini də Bayram Şərifovla bağlıdır.
Xırdalan şəhərinin 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi olmuş Bayram Şərifov torpaq alınması məqsədi ilə vətəndaşlardan 200 min manat pul alaraq aidiyyatı ünvana çatdırır.
Müəyyən müddət keçsə də torpaq məsələsi həllini tapmır. Belə olduqda B.Şərifov bir neçə dəfə Z.Fərəcovun qəbulunda olur, məsələnin həll olunmasına cəhd edir.
Sonradan dəfələrlə cəhd etsə də, başçı ilə görüşə nail ola bilmir. Növbəti dəfə də başçı ilə görüşməyinə imkan verilmədikdə , o, əlacsız qalıb İcra hakimiyyətinin inzibati binasi ilə üzbəüz tərəfə keçərək özünə “ Vinçester “dən atəş açır, qarın nahiyyəsindən ağır yaralanır.
Tam sağalmasa da, borcluların əlindən baş götürüb Almaniyaya qaçır. Xırdalan parkının içərisində vaxtilə B.Şərifova məxsus olan kafe də artıq sökülmüş, yerində müasir tipli 3 mərtəbəli kafe tikilmişdir ki, bu obyektin də kimə qazanc gətirdiyi aydındır.
Saray bələdiyyəsinin sədri niyə öldürüldü?
www.yenicag.az