Sabir Rüstəmxanlı Məhəmməd Hadidən yazdı
Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın ədəbi, ictimai fikrində şeir, publisistika, nəsr kitabları və yorulmaz milli fəaliyyəti ilə silinməz iz qoymuş xalq şairi Sabir Rüstəmxanlı oxuculara təqdim etdiyi “Şair və şər” adlı düşüncələr romanını böyük millət şairi Məhəmməd Hadinin faciəli həyatına həsr etmişdir.
Şərti olaraq roman-esse də adlandırıla bilən bu əsər xalq şairinin “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi”, “Qorxu”, “Difai fədailəri”, “Sumani” romanlarından sonra yeddinci iri həcmli nəsr əsəridir.
Son illərdə buraxdırdığı şeir və publisistika kitabları ilə yanaşı bu romanda da xalqın və onun ayrı-ayrı böyük şəxsiyyətlərinin taleyi bütün mürəkkəbliyi ilə bölgədə gedən ziddiyyətli tarixi proseslər müstəvisində göstərilir.