Sadəcə inanılmazdır! Süni intellekt maddənin dördüncü halında yeni fizika qanunları kəşf etdi
Fiziklər mürəkkəb sistemlərdə hissəciklərin qarşılıqlı təsirinə dair gözlənilməz detalları üzə çıxarmaq üçün süni intellekt metodundan istifadə ediblər. Tədqiqatın diqqət mərkəzində hissəciklərin bir-birinə fərqli şəkildə təsir göstərdiyi qarşılıqlı olmayan qüvvələr dayanır.
Yenicag.az xəbər verir ki, bu barədə araşdırma PNAS jurnalında dərc olunub.
Emori Universitetinin eksperimental və nəzəri fiziklərinin birgə əməyi olan bu layihə süni intellektin təkcə məlumat analizi deyil, həm də tamamilə yeni fizika qanunlarının kəşfində rol oynaya biləcəyini sübut edib.
Alimlər laboratoriya şəraitində yaradılmış “tozlu plazma” məlumatlarını xüsusi hazırlanmış neyron şəbəkəsi ilə birləşdiriblər. Tədqiqat nəticəsində qeyri-resiprok qüvvələr 99 %-dən çox dəqiqliklə təsvir edilib. Bu cür qüvvələrin ölçülməsi və modelləşdirilməsi elm dünyasında olduqca çətin hesab olunur.
Plazma çox vaxt maddənin dördüncü halı adlanır. Tozlu plazma isə Saturnun halqalarından tutmuş, Yerin ionosferinə qədər bir çox mühitdə rast gəlinir. Ay səthində zəif qravitasiya səbəbindən tozların havada qalması və astronavtların geyimlərinə yapışması da məhz bu fiziki proseslərlə bağlıdır.
Tədqiqatın aparıcı müəllifi, professor Castin Burton bildirib ki, onların hazırladığı süni intellekt metodu “qara qutu” deyil: “Biz onun necə və niyə işlədiyini anlayırıq. Bu çərçivə universaldır və digər mürəkkəb sistemlərin kəşfində yeni yollar aça bilər”.
Süni intellekt modeli hissəciklər arasındakı asimmetrik qüvvələri uğurla qeydə alıb. Tədqiqatçılar bu davranışı göldə hərəkət edən iki qayıqla müqayisə edirlər: hər qayıq digərinə təsir edən dalğalar yaradır və bu dalğalar mövqedən asılı olaraq qayıqları fərqli şəkildə itələyə və ya çəkə bilər.
Nəzəri fizika professoru İlya Nemenman qeyd edib ki, əldə olunan nəticələr bəzi köhnə nəzəri fərziyyələrin tam dəqiq olmadığını üzə çıxarıb. Hissəciklərin elektrik yükünün yalnız onların ölçüsü ilə mütənasib artması fikri təkzib edilib, bu prosesin plazma sıxlığı və temperaturdan da asılı olduğu müəyyən edilib; Hissəciklər arasındakı qüvvələrin zəifləmə sürətinin onların ölçüsündən asılı olduğu sübut olunub
Alimlər hesab edirlər ki, bu metod sənaye materiallarından (boya, mürəkkəb) tutmuş, canlı hüceyrə qruplarına qədər bir çox sahədə tətbiq edilə bilər. Məsələn, bu yanaşma xərçəng hüceyrələrinin şişdən ayrılaraq metastaz verməsi prosesini daha dərindən anlamağa kömək edə bilər.













