“Etibar özünü müdafiə edə biləcəyi zəif qəhrəman kimi görünür…”
Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu 31 seçki dairəsinin lider namizədi, tanınmış təhsil eksperti Etibar Əliyevlə həmin dairədən deputatlığa namizəd, bloqer Mehman Hüseynov arasında baş verən qalmaqala münasibət bildirib.
BakuPost naşirin bununla özünün feysbuk səhifəsində paylaşdığı “Etibar və Mehmanın ortaq dəyərləri” adlı yazısını təqdim edir:
Qalmaqallı 31-ci seçki dairəsindən olan namizədlər arasında əvvəlcədən Etibar Əliyevin seçilməsini arzu etmişəm. Ümumiyyətlə, ölkə üzrə müdafiə etdiyim namizədlərdən onun adı ilk sıralarda olub. Kitaba, təhsilə önəm verən insan olduğu üçün. Həyatını cəmiyyəti ən az narahat edən, amma millətimizə çox vacib olan məsələyə həsr edib; təhsillə bağlı kitab yazıb, tərcümələr edib. Yazdığı hər bir fikir neçə-neçə kitabın məhsuludur – İnsanları düşündürür, onların beynini açır.
Mehman Hüseynov cəsarəti ilə o dairənin və ümumən əksəriyyətin favoritinə çevrilib. Bloqer olaraq işini yaxşı görür, həyatını risk altına atıb oliqarxları ifşa edir, əlləri heç nəyə çatmayan insanların problemlərini göstərir.
Doğrusu, mənə elə gəlirdi ki, Etibarın keçməsi, əslində, həm də Mehmanın qələbəsidir. Çünki əminəm ki, Etibar da elə hesab edərdi.
Mehman Hüseynov seçkinin nəticələrinə haqlı olaraq etiraz edir. Amma bu etiraz nədənsə MSK-ya deyil, Etibar Əliyevə yönəlib.
Belə şəxsi qərəz heç bir ədalətli adama yaraşmır, ona haqq qazandırmır.
KİV-də çalışanlar ictimaiyyət qarşısında məsuliyyət daşıyırlar. Şəxsi marağa xidmətdə, bu məsələyə, çox ehtiyat və həssaslıqla yanaşmaq lazımdır.
Bu, haqsız rəqabətdir.
Ölkənin ən ziyalı adamlarından biri Etibar Əliyev, necə deyərlər, öz abrına qısınıb və Mehman Hüseynovun təhdidi ilə üz-üzə qalıb.
Mehman inandığım və həmişə dəstəklədiyim gəncdir. Yaranmış mənzərə mənim inamımın sərhədlərini aşır. Təəssüflənmək yox, inanmaq istəyirəm ki, tez bir zamanda ortaq dəyərlər yada düşəcək.
Ronald Krist 1967 ci ildə Borxeslə müsahibə edərkən (“The Paris Review – müsahibələri” kitabında ) maraqlı bir müşahidəsini yazır. “Borxes çox zaman utancaq, ürəksiz, içinə qapalıdır… özü haqqında verilən suallara cavab verərkən başqa yazıçılar barədə danışır, onların sözlərini, kitablarını öz düşüncələrinin simvoluna çevirir”.
İndiki məqamda Etibar da özünü müdafiə edə biləcəyi zəif qəhrəman kimi görünür. Və təbii ki, bu məqam bütün ziyalıların ortaq cəhətidir.
www.yenicag.az