Hacı Tahir Qarabaği Türkiyə Prezidentinin oğluna Qurani-Kərim hədiyyə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın Gəncə səfəri zamanı maraqlı anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, 20 Yanvar faciəsinin anım günündə iştirak edən Ərdoğan daha sonra İmamzadə Ziyarətgahı ilə tanış olub. Qonağı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gəncə bölgəsi üzrə nümayəndəsi, qazi Hacı Tahir Abbasov (Qarabaği) qarşılayıb.
Ziyarətgahda keçirilən tədbirdə Hacı Tahir Nuru Paşanın Azərbaycana gəlişini xatırladaraq dövrümüzdə də Türkiyə Prezidentinin ailəsinin “Qanlı Yanvar”ın anım günündə xalqımızın yanında olmasından minnətdarlıq hissi duyduğunu dilə gətirib:
“Hər bir ağır günümüzdə, dar vaxtımızda bizim yanımızda qardaşlarımız olub. Türkiyədən gələn qardaşlarımız 1918-ci il müharibəsində bizim səsimizə səs veriblər. Bu gün 20 Yanvar acısını anarkən Türk dünyasının və İslam aləminin liderinin oğlu bizim yanımızdadır. Mən onu Gəncə və bütöv Azərbaycan camaatı adından Qurani-Kərimlə salamlayıram və ona şəhərimizin, elimizin, obamızın adından Quran hədiyyə edirəm”.
Azərbaycan ilə Türkiyənin birliyində İlham Əliyev-Ərdoğan qardaşlığının rolunun unudulmaz olduğuna diqqət çəkən Hacı Tahir bütün şəhidlərimizin ruhuna dua, qazilərimizə şəfa, millətimizə ruzi-bərəkət, xalqımıza birlik, qalib lider İlham Əliyevə can sağlığı, dövlətimizi yaradan Ulu Öndərin ruhuna dua etdiyini bildirib.
Daha sonra qonaq İmamzadə ziyarətgahı ilə tanış olub və Hacı Tahir Bilal Ərdoğana Qurani-Kərim hədiyyə edib.
Qeyd edək ki, Hacı Tahir Abbasov (Qarabaği) din xadimi olmaqla yanaşı, Milli Azadlıq Hərəkatının “Lefortovo” zindanında həbsdə yatmış fəallarından biridir. O da qeyd olunmalıdır ki, Türkiyədə xain 15 iyul çevrilişə cəhd zamanı Hacı Tahir bütün Gəncə məscidlərində verilən xütbələri Türkiyəyə həsr edib. O, Ərdoğan üçün dualar etdirmiş, özü də qardaş ölkəyə gedərək dəstək mitinqlərində çıxışlar edib.












