Fevralın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Maldiv Respublikası Xalq Məclisinin sədri Mohamed Aslam və Şri-Lanka Demokratik Sosialist Respublikası Parlamentinin sədri Mahinda Yapa Abeyvardana ilə görüşlər keçirib.
Yenicag.az xəbər verir ki, qonaqları ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova, APA-nın üzv ölkələr arasında əməkdaşlıq, dialoq və həmrəyliyin inkişafı baxımından əlverişli və çoxtərəfli platforma olduğunu bildirib. O, 40-dək ölkənin parlament nümayəndə heyətinin, habelə bir sıra beynəlxalq parlament təşkilatları təmsilçilərinin iştirak etdikləri 14-cü plenar sessiya çərçivəsində müasir dünyanı narahat edən bir sıra problemlərin müzakirə olunduğunu diqqətə çatdırıb.
Görüşlərdə beynəlxalq münasibətlərdə parlament diplomatiyasının rolu, qanunverici orqanların qlobal proseslərə təsiri barədə də fikirlər səsləndirilib. Tərəflər beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq imkanları barədə də danışıblar.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin bu mənada əhəmiyyətini vurğulayıb.
Qonaqlar APA-nın 14-cü plenar sessiyasına uğurla ev sahibliyi etdiyi üçün təbriklərini çatdıraraq, ölkəmizə səfərləri və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüblər.
Görüşlərdə, həmçinin ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
www.yenicag.az