“Korrupsiya, süründürməçilik hallarından uzaq, tam şəffaf və sosial ədalət prinsipini təcəssüm etdirən və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması islahatlar paketinin əsas hədəfini təşkil edir”.
Yenicag.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında büdcə layihəsinin müzakirəsi zamanı deyib.
Sahil Babayevin sözlərinə görə, Azərbaycanda sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərin davamlı artımına, bu sistemin əhatə dairəsinin genişləndirilməsinə nail olunmaqla dövlət başçısının tapşırıqları əsasında özünəməşğulluq proqramlarının icrasında aztəminatlı və həssas qruplar üçün dövlət dəstəyi, kiçik ailə təsərrüfatlarının biznesə çıxış imkanlarının yaradılması, onların ünvanlı sosial yardım proqramlarından asılılığının azaldılması və digər işlər geniş vüsət alıb:
“Pensiya və müavinəti sosial yardım formasında ödənişlərlə təmin olunan 2.1 milyona yaxın insanı və ya ölkə əhalisinin təqribən 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsi və onun uzunmüddətli inkişafı üçün korrupsiya, süründürməçilik hallarından uzaq, tam şəffaf və sosial ədalət prinsipini təcəssüm etdirən və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması islahatlar paketinin əsas hədəfini təşkil edir”.
Nazir bildirib ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50.2 min ailənin 200 mindən yuxarı üzvü isə sosial yardım alır. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir:
“Apardığımız hesablamalara görə, 2019-cu ildə demoqrafik inkişaf meyilləri, əhalinin məşğulluğu və sosial vəziyyətinin göstəriciləri, eləcə də pensiya qanunvericiliyində son dəyişikliklər nəzərə alınmaqla sığorta pensiya sisteminin əsas parametrləri aşağıdakı kimi gözlənilir: doğulanların sayı 150 min nəfər, doğulanda gözlənilən ömrün uzunluğu qadınlar üçün 78, kişilər üçün 73.5 yaş təşkil edəcək. Bundan başqa, iqtisadiyyatla məşğul olanların sayı 4 milyon 994 min nəfər olacaq. Muzdlu işçilərin orta illik sayının 1 milyon 548 min nəfər olacağı proqnozlaşdırılır. Proqnozlar 2019-cu ildə əmək pensiyaçılarının orta sayının 1 milyon 294 min nəfər olacağını göstərir”.
www.yenicag.az