Şair, bu dünyanın qara daşı göyərdi? - Ölməz Musa Yaqubun ANIM GÜNÜDÜR
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz…
Yenicag.az xəbər verir ki, bu məşhur misraların müəllifi ölməz şair Musa Yaqubun anım günüdür.
Çağdaş Azərbaycan poeziyasının öndər şairlərindən olan Musa Yaqubun cismən bu dünyadan köç etdiyi gündür. Şairlər ölümsüzdür axı. Hələ, hələ Musa Yaqubun adının qarşısında “dünyadan köçüb” ifadəsini yazmağa heç əlim gəlmir.
Bakıda olanda, tez-tez görüşürdük, ən çox üz tutduğum və sevdiyim müsahiblərdən idi. Üzümə yaxşı baxırdı deyə, tez-tez evinə gedərdim. Bəzən də elə yaşıllıq bir məkan tapıb orada söhbətləşərdik.
Ağır xəstədə yatdığı dönəmlərdə onun üçün dünyanın ən isti qucağı, ən doğma məkanına – İsmayıllının Buynuz kəndinə getmişdi. Orda da sakit qoymurdum, tez-tez zəng edirdim, hal-əhval tuturdum. Təngnəfəs olduğu üçün çox danışmağına da qıymırdım. Baxmayaraq ki, şairin ürəyi dolu idi, danışmaq istəyirdi.
Deyirdi ölümdən qorxmuram, doğmalarıma əziyyət verməkdən qorxuram. Onu da deyirdi ki, istəyirəm ki, gecə yatım, səhər yuxudan ayılmayım.
Ölümdən qorxmurdu, çünki bilirdi ki, ölümsüzdür, cismən köçəcək bu dünyadan, amma sevənlərinin qəlbində, ruhunda əbədi yaşayacaq şair.
Musa Yaqubun şeirləri təbiətlə həmahəngdir. Heç gedib gəzib, gəlməsən də, onun şeirlərini oxuya-oxuya pərvazlanıb Azərbaycanın bütün gözəl güşələrini gəzib dolaşmaq mümkün idi. Təbiət aşiqi, təbiət vurğunu idi.
Musa Yaqub ürəklərdə əbədi taxt quran şairlərdəndir. Bu gün onu sevgi ilə anıb yenə sual vermək istəyirəm: Necəsiniz şair, yeni şeir yazmamısınız ki?
Cəvahir