Şamaxıda sayğaclarda qanun pozuntusu-Fakt
Şamaxı” EŞ-də keçirilmiş reydlər zamanı xeyli sayda istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib.
“Azərenerji”dən AZADİNFORM-a verilən məlumata görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Hesabat dövründə həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Şamaxı şəhəri və rayonun yaşayış məntəqələrində elektrik təchizatının yaxşılaşdırılması məqsədilə cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid paylayıcı şəbəkələrdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilib”, – deyən mənbə onu da bildirib ki, paylayıcı şəbəkənin müəyyən hissəsi yenidən qurulub və təmir edilib, dayaqlar düzləndirilib və xeyli sayda izolyator da dəyişdirilib. Onu da qeyd edək ki, şəbəkədə texnoloji itkilərin azaldılması istiqamətində də müəyyən işlər görülüb. Belə ki, müxtəlif gücdə olan TM-lərdə profilaktik təmir, sınaq-ölçü işləri aparılmış və 0,4 kV-lik lövhədə kəsicilər təmir olunub.
Mənbə onu da bildirib ki, cari ilin avqust ayında sözügedən müəssisənin xidmət ərazisində 5,9 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 544 min kilovat-saat çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 20 faizə yaxın artıb. (azadinform.az)