!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sarı Aşıqdan Aşıq Şəmşirə: azad ruhlar işığında” - FOTOLAR

!Reklam – Yazi

 

“Aydınlar Ocağı” humanitar ictimai birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sarı Aşıqdan Aşıq Şəmşirə: azad ruhlar işığında” adlı layihəyə LAÇIN ŞƏHƏRİNDƏ yekun vurdu.

Layihənin 1-ci mərhələsi Gəncə şəhərində, keçmiş kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdıqları qəsəbənin Mədəniyyət evində keçirilmişdir.
Tədbirdə Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayev, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının , idarə-müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, saz-söz sevərlər iştirak edib.
Əvvəlcə Ümumilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Aydınlar Ocağı humanitar ictimai birliyinin sədri, layihənin koordinatoru Elxan Qədirov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə layihəni maliyyələşdirdiyinə, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə və Kəlbəcər rayon icra hakimiyyətinə isə təşkilati dəstək göstərdiklərinə görə minnətdarlığını bildirib.
Sədr öz çıxışında Aydınlar Ocağı humanitar ictimai birliyinin fəaliyyəti dövründə Sarı Aşığın və Aşıq Şəmşirin yaradıcılığına daim önəm verdiyini, aşıq sənətinin qədim diyarlarından olan Laçın və Kəlbəcər aşıqlarının inkişafına öz töhfəsini verməyə çalışdığını qeyd etdi.
“Burda oturan bir çoxlarına da məlumdur ki, hələ 2019-cu ildə Aydınlar Ocağı humanitar ictimai birliyi “Sarı Aşıqdan Aşıq Şəmşirə: girov ruhlar işığında” adlı layihə ilə bu möhtəşəm zalda hər iki aşığın yaradıcılığına həsr olunmuş müsabiqə və festival keçirmişdir. Şükürlər olsun ki, Möhtərəm prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən Müharibəsində düşmən üzərində qazandığımız möhtəşəm qələbəmizdən sonra digər işğal altında olan torpaqlarımız kimi Laçın və Kəlbəcər rayonları da azad olundu. Laçın rayonunda yaşayıb, yaratmış Sarı Aşığın və Kəlbəcər rayonunda yaşayıb, yaratmış Aşıq Şəmşirin də girov ruhları azadlığa qovuşdu və biz bu gün girov ruhların yox, artıq azad ruhların işığına toplaşmışıq”.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aşıq sənətinə göstərdiyi diqqətdən, eyni zamanda klassik aşıq sənətinin ustadı, saz-söz sərrafı Dədə Şəmşirin yaradıcılığından söz açıb.
Zirvə Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri, şair Şahin Qədir ölkəmizdə aşıq sənətinin inkişafından, Sarı Aşığın və Aşıq Şəmşirin yaradıcılığından və keçirilən tədbirin mahiyyətindən bəhs etdi. Natiq çıxışında işğaldan azad olunan torpaqlarımızda qədim saz-söz sənətinin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında dövlətimizlə bərabər ictimai birliklərin də fəal rol oynadığın bildirdi.
Layihənin 2-ci mərhələsi Sumqayıt şəhərində, 28 may Mədəniyyət Evində Laçınlı aşıqların iştirakı ilə davam edib.
Tədbirdə Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Laçın rayonu üzrə nümayəndəliyinin əməkdaşları, Laçın ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri, saz-söz sevərlər iştirak edib.
Tədbirdə Aydınlar Ocağı humanitar ictimai birliyinin sədri Elxan Qədirov, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Laçın rayonu üzrə nümayəndəsi Türkanə Nuriyeva, Laçınlı yazarlar: Nazim Əhmədli, İlham Qəhrəman, Adil Cəfakeş və s. çıxış edərək Azərbaycan aşıq sənətində Sarı Aşığın və Aşıq Şəmşirin yaradıcılığının özünəməxsus yeri olduğunu bildirdilər. Laçın və Kəlbəcər rayonlarından olan aşıqların ilk dəfə işğaldan azad olunmuş Laçın şəhərində bir araya gələrək hər iki aşığın yaradıcılığına müraciət edərək festivalda iştirak etmələrini Böyük Qayıdışın bir parçası olduğunu qeyd etdilər.
Nəhayət layihənin 3-cü, sonuncu mərhələsi Laçın şəhərində, LaSinema -Laçın şəhər klubunda baş tutdu.
Tədbir Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.
Giriş nitqi ilə “Aydınlar Ocağı” humanitar ictimai birliyinin İdarə heyətinin üzvü Vüqar Qədirov çıxış edərək həyat keçirilən layihənin əsas məqsədinin Laçın rayonunda yaşayıb yaratmış Sarı Aşığın və Kəlbəcər rayonunda yaşayıb yaratmış Aşıq Şəmşirin yaradıcılığının təbliğ olunması, azad olunmuş torpaqlarımızda daimi məskunlaşacaq keçmiş məcburi köçkün əhalinin aşıq sənətinə marağın artırılması olduğunu bildirdi. Layihənin maliyyələşməsinə göstərdiyi dəstəyə görə Mədəniyyət Naziri cənab Adil Kərimliyə və Laçın şəhərində yekun tədbirə şərait yaratdığına görə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı Xüsusi Nümayəndəsi cənab Məsim Məmmədova öz təşəkkürünü bildirdi.
Natiq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazandığımız qələbədən sonra Böyük Qayıdış Dövlət Proqramının icrasının nəticəsi olaraq viran olunmuş yurdlarımızın yenidən dirçəldilməsi, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsi bütün sahələrlə bərabər bu ərazilərdə mədəniyyətimizin inkişafına da öz töhfəsini verməkdədir. Bu gün burada keçirilən bu tədbir Laçın şəhər sakinlərinin asudə vaxtının səmərəli təşkilinə öz töhfəsini verməklə bərabər, hələ də Azərbaycanın qələbəsini həzm etməyən, revanşizmi körükləyən bir çox qərb dövlətlərinə və təsisatlatına Cəngi sədaları altında ən böyük cavabdır deyərək Vüqar Qədirov çıxışını başa vurdu.
Laçın şəhərində qonaq olan laçınlı şair və yazar Şərif Ağayar, Laçın rayon Ağsaqqallar Şurasının üzvü, Birinci Qarabağ müharibəsinin veteranı Möhübbət Həsənov çıxış edərək Sarı Aşığın və Aşıq Şəmşirin Azərbaycan poeziyasının bayatı janrının və aşıq sənətinin inkişafında xüsusi rola malik olduğunu bildirdilər. Laçın şəhərində keçirilən bu tədbirin qədim saz-söz sənətinin öz dədə-baba yurduna qayıdışının təntənəsi olduğunu bildirdilər.
Xəyallardan həqiqətə çevrilən, nisgildən qürura dönüşən, öz ata baba yurdlarına qayıtmaqla məcburi köçkün həyatına son qoyan soydaşlarımızın iştirakı ilə keçirilən bu tədbir sevinc qarışıq qürur, inam qarışıq iradənin nəticəsi olaraq qiymətləndirildi.
Laçın və Kəlbəcər rayonlarından olan aşıqların gözəl ifaları, səsləndirilən bayatılar və s. hər bir insanda duyğulu və xoş anların yaranmasına səbəb oldu.
Qiraətçi Ülkər Piriyevanın aparıcılığı ilə Laçın dağlarında keçirilən bu tədbir layihənin sonu olsa da gələcək arzuların və xəyalların çin olduğu bir gerçəkliyin carçısı oldu.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı Xüsusi nümayəndəliyinin əməkdaşları, Azərbaycan Respublikasının əməkdar artisti Ehtiram Hüseynov, Laçın şəhər sakinləri və digər qonaqlar iştirak edirdilər.

COP29

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv