!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Savaşın GÖRÜNMƏYƏN ÜZÜ - Taliban Əfqanıstan ordusunu necə məğlub etdi? - Həşim Səhrablı yazır

!Reklam – Yazi

Əvvəlcə gəlin, Əfqanıstandakı sosial vəziyyətə baxaq: Ölkə dini dövlətə sahib, əhalinin böyük əksəriyyəti cahillik, xürafat aşiqi, sosial vəziyyət isə heç ürəkaçan deyil.

Bu vəziyyət heç də saatlar əvvəl Talibanın dövlətə əl qoyması ilə yaşanmayıb. Əsrlərdir belə idi, saatlar əvvələ qədər də belə qaldı. Nə SSRİ adı ilə Rusiya işğalı zamanı, nə ABŞ-ın terrorizmlə mübarizə adı ilə ölkəyə daxil olmasından sonra sırf Əfqanıstan xalqının inkişafı diqqət mərkəzində olmadı.

Diqqətlər tək mərkəzdə idi: Zəngin Əfqanıstanı necə qəsb etmək olar? Dünyanın ən böyük narkotik istehsalı reallaşan ölkələrdən birini necə nəzarətdə saxlamaq olar? Ən əsası, Orta Asiyanın işğalı çətin strateji ölkəsini necə itaət altında saxlamaq mümkündür?

Əfqanıstanlıların əksəriyyətinə rahatca sosial olaraq geridə qalmış deyiriksə, ədalətli olmaq baxımından onu da vurğulamaq lazımdır ki, onlar vətənini sevən, savaşan və heç bir halda kənar qüvvələrə boyun əymək istəməyən azsaaylı xalqlardandır. Bunu Rusiya işğalı zamanı da, 2001-ci ildəki proseslərdən sonra da görmüşük. Deyərdim ki, on illərdir davam edən savaş xalqı o qədər yormuş olmalıdır ki, son bir neçə il ərzində xarici qüvvələrə yeniklik özünü göstərməyə başlamışdı. Məsələn, elə Talibanın tez-tez havadar dəyişməsi öz məqsədlərinə çatmaq üçün xarici qüvvələrlə işbirliyinə getmək siqnallarını verirdi.

Gələk mətləbə – Taliban bir həftədə necə olur ki, möcüzə baş versə də, məğlub edə bilməyəcəyi Əfqanıstan ordusunu savaşmadan məğlub etdi?

Çox sadə.

ABŞ Əfqanıstana girdiyi ilk zamanlarda çəkdiyi xərclərin dəfələrlə artıq mislini qazanc olaraq geri qaytarırdı. Həm də, Əfqanıstandakı hərbi varlığı ilə Rusiya, Çin, İran kimi rəqiblərinin bölgəyə təsirini sıfıra endirməyi bacarmışdı. Hətta onun müttəfiqi Hindistan özündən daha böyük düşməni – Çin amilinə baxmayaraq, Əfqanıstanda daha sıx əlaqələrə sahib idi. Ancaq gözlənilmədən Çin qarşısıalınmaz dərəcədə inkişaf etdi. Əvvəlcə ABŞ-ın Afrikada, sonra isə Avropadakı maraq və əlaqələrinə ciddi zərbələr vurdu. Donald Trampın əfsanəvi “iqtisadi əngəlləri” də bu ölkəni dayandıra bilmədi. ABŞ hər keçən gün Çinə məğlub olurdu. Çünki onu dayandırmaq üçün tək çarə qalıb – birbaşa hərbi müdaxilə.

Yadınızdadırsa, ABŞ-ın Şərqdəki əsas müttəfiqlərindən olan Hindistan və Çin sərhəddində son illər ərzində davamlı şəkildə müharibə vəziyyəti olurdu. Ancaq Hindistan bu səhvi etməyərək, Çinlə müharibədən qaçdı. Ya da qarşılıqlı şəkildə anlaşdılar. Hər bir halda, Hindistan özünü məhvdən qurtardı.

Rusiya isə, iqtisadi olaraq çökdüyü zamanda, post Sovet məkanında yenidən təcavüzlərə başlayaraq, ABŞ və Qərb blokunu sərhədlərinə yaxın buraxmadı. Düzdür, Rusiya Çin qədər uğurlu deyil, hətta deyərdim, “koskoca Rusiya” hegemon ölkələrlə mübarizədən qaçır, düşüb “uşaq-muşağın” üstündə ağalıq edir. Ukraynaya, Gürcüstana təcavüz əslində Rusiyanın tükənmişliyinin göstəricisidir. Gücü yetən ölkələrə təcavüz edərək, özünü güclülərdən qorumaq acizlikdir. Çin məgər belə mi etdi? Əksinə, Çin zəiflərə kapital axınını gücləndirdi, tərəfdaşlarının sayını artırdı və ABŞ-la elə ABŞ siyasəti çərçivəsində mübarizə apardı.

İran isə, paraleldə heç bir uğur əldə edə bilməməsinə baxmayaraq, nə dövlət olaraq parçalandı, nə də ən azından iqtidar dəyişmədi. ABŞ-a tam yenilmədi, amma yenilsə daha yaxşı olarmış kimi vəziyyətlə üzləşdi. Hər halda, ABŞ İran üzərində də tam qələbə əldə edə bilmədi.

Türkiyə isə ABŞ-ın maraqlarına zidd şəkildə, Şərqdəki güclü ölkələrlə əməkdaşlıq qapılarını açdı. Çinlə ticarət əlaqələri, Rusiya ilə hərtərəfli əlaqələr quruldu. Türkiyə Cənubi Qafqazda status-kvonu öz xeyrinə dəyişməyə başlayıb.

NATO-ya tam üz çevirməyib, ancaq indi onun istəklərinə də boyun əymir, öz maraqlarından çıxış edir. Pakistanla mötəbər əlaqələr qurularaq, özünün həm Qərbə ehtiyacı olmadığı mesajını verir, həm də Şərqə qapılarını açarkən real təhlükələrə qarşı özünü sığortalayacaq əlaqələr qurur.

Qərb dövlətləri onsuz da Əfqanıstan məsələsində çox aktiv deyildilər, indi də aktiv münasibət göstərdikləri görünmür. Ya da gizli müstəvidə həyata keçirdikləri siyasəti, elə həmin axarı ilə davam etdirəcəklər.

ABŞ isə sosial beyin mərkəzlərini yaxşı istifadə etdiyini bir daha göstərmiş olur. Çünki zaman keçdikcə ABŞ-ın Əfqanıstandakı rolu ona xeyirdən çox zərər verməyə doğru gedirdi. Şərqdəki güc mərkəzləri ona qarşı vahid cəbhədə birləşmişlər.

Digər tərəfdən, Rusiya, İran, Çin kimi ölkələr baxımından ən pis hal belə ABŞ-ın Əfqanıstanda qalmasından daha məqbul sayılır. ABŞ bunu da yaxşı hesablayıb.

ABŞ tərəfi anlayırdı ki, Əfqanıstandan çıxmağa geciksə onu qanla, yüzlərlə, bəlkə də minlərlə itki ilə çıxaracaqlar. Ona görə də tezkən buradan çıxmaq ABŞ üçün daha ağıllı addım sayılmalıdır. Ancaq plansız, gələcəyə hesablanmamış addım ataraq bölgəni tərk etmək ABŞ-a ikinci Vyetnam deyil, ondan da dəfələrlə ağır nəticələr verə bilərdi. Əfqanıstandan çıxmadan geriyə elə bir xaos qoymaq lazım idi ki, tək Əfqan xalqı deyil, tək bölgə xalqları deyil, bütün dünya ABŞ-ın Əfqansıtanda olduğu illərə şükür etsin, “rəhmət oxusun”.

Əsas məğzi demədən bir-iki əlavə etsəm tam yerinə düşər. ABŞ Əfqanıstana daxil olduğu ilk illərdə terrorizmi məhv edəcəyini, əfqanlara daha gözəl gələcək üçün zəmin hazırlayacağını bildirirdi. Girdiyi ilk illərdə bunun üçün müstəsna şəraitlər də var idi: Çin bu qədər güclü deyildi, Rusiya SSRİ-nin nizamsız dağılışının fəsadlarından çıxmamışdı, Pakistan regional faktor olaraq Hindistana uduzurdu, Türkiyə NATO-nun maraqlarından kənar addımlar atacaq qədər güclənməmişdi. Bircə İran var idi. Bəli, o zamanlar təkcə İran faktoru bu gün olduğundan daha güclü idi ki, bu faktor sırf Əfqanıstan sərhədlərində ABŞ-ı dayandıracaq qədər ciddi faktor deyildi. Əgər ABŞ istəsəydi Əfqanıstanda olduğu bütün müddət ərzində,

1. İlk iş kimi sekulyar dövlət elanını həyata keçirməli idi. Bununla da Taliblərin iqtidara gəlişi əhəmiyyətli dərəcədə zərər görəcəkdi. “Baldırı açıq qadınları görmək” bu gün qız və oğlan məktəblərinin ayrılmasının nə qədər absurd olduğunu dərk etdirəcəkdi. Düşüncə dəyişəcək, qadın və kişi bərabərliyi cəmiyyətə inteqrasiya edəcəkdi. Amma Əşrəf Qani özü də İslam dövlətinin rəhbəri idi və bu kimi problemlər heç vaxt həllini tapmamışdı.

2. Xalqı cəhalətdən xilas olmaq üçün əlavə milyardlar xərcləyib, Talibanı dəstəkləyən kütlənin sayını azalda bilərdi.

3. Dövlətin güc strukturlarını daha yaxşı hazırlayıb, Əfqanıstan təhlükəsizlik qüvvələri ilə birlikdə bir neçə il ərzində bütün Talibanı məğlub və məhv edə bilərdi.

İndi dönüb keçmişə baxdıqda görürük ki, ABŞ Əfqanıstandakı problemləri aradan qaldırmaq üçün həvəsli olmayıb, əksinə problemin özünə zərər gəlməyəcək şəkildə qalmasına şərait yaradıb.

Qaldığımız yerdən davam edək. ABŞ Əfqanıstandan çıxdıqdan sonra Talibanın mərkəzi hakimiyyətə əl qoyacağını bilirdi. Rusiya, Çin, İran, Pakistan kimi ölkələr bundan xəbərdardırlar, ancaq buna qarşı gəlməyəcəkdilər. ABŞ bunu da yaxşı düşünmüşdü. Ona görə ki, yuxarıda dediyim kimi, bu ölkələr üçün ən pis hal belə, ABŞ-ın Əfqanıstanda qalmasından, oradakı iqtidara təsir etməsindən daha yaxşıdır.

Xatırlayırsınızsa, son 2-3 il ərzində Əfqanıstan dövləti və Taliban arasında sülh gündəmə çevrildi. Həmin danışıqların böyük əksəriyyəti də Vaşinqtondan təyin edildi. Elə keçən il, həmin proseslərin uğurlu nəticəsi olaraq danışılan bir məqam daha maraqlıdır. Əfqanıstan Talibandan sadəcə “quru söz” alaraq, düz 3 minə qədər Taliban silahlısını azad etdi. O zaman da söyləmişdim, bu Əfqanıstan dövləti üçün ölümcül səhvdir. Bu gün nəticəsi göz qabağındadır.

Aylar əvvəl ABŞ-ın yeni iqtidarı Əfqanıstandan qoşunları çıxarmaq haqqında qərar qəbul etdi. ABŞ qoşunları çıxmadan Taliban fəallaşmağa başladı. İlk başlarda marşal Rəşid Dostumun qüvvələri dirəniş göstərdi. Ancaq yaxın zamanlarda Türkiyə səfərindən sonra o da, mübarizənin əhəmiyyətsiz olduğunu anlayıb, əvvəlki qədər müqavimət göstərmədi. Əslində haqlıdır. Çünki Əfqanıstan Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi belə müqavimətsiz şəhərləri təhvil verdi. Necə olur Talibandan qat-qat güclü olan Əfqanıstan Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi savaşmır?

Cavabını tam vermək mümkün deyil. İnanmıram ki, onlar vətənlərini sevmirdilər. Vətənlərini sevməsələr belə, qoltuqlarını sevdiklərini əminliklə deyə bilərik. Elə isə, niyə savaşmadan təslim oldular?

– Çünki inanmış olmalıdırlar ki, bu savaşın sonunda məğlubiyyət var, bari boş yerdən minlərlə itki olmasın…

ABŞ ssenarini əla qurub. Taliban hakimiyyətə gələn kimi absurd qərarlar verib. O qərarlar ki, hazırda Əfqanıstan düşmənləri belə yerli xalqın halına acıyacaq vəziyyətdədir. İndi hər kəs eyni şeyi düşünəcək: “ABŞ olduğu zaman bu təfəkkür iqtidara yol tapa bilmirdi. ABŞ-dan sonra Əfqanıstanın qara günləri başladı…”

Bölgənin və dünyanın bütün zəif xalqları ABŞ-ın böyüklüyündən, ədalətindən danışacaq. ABŞ 2001-ci il, 21 Sentyabr hadisəsindən sonra ilk dəfə dünyada yenidən “terrora qarşı döyüşən ölkə” statusunu alacaq. Ancaq məsələ tək xalqların sosial fikirləri ilə məhdudlaşmır.

Mütləq ki, Talibandan sonrakı Əfqanıstan xaotik bir məkan olacaq. Hətta indidən qonşu dövlətlərə müxtəlif formalarda təhlükələr yaranması ehtimallarından danışılır. Daxili çəkişmələr bitməyəcəyi bir tərəfə, bu dəfə kənar qüvvələrlə də qarşıdurmalar yaşana bilər. Ən əsası, ABŞ-a qarşı müttəfiq olan, Rusiya-İran-Çin bloku sırf Əfqanıstana hakim olmaq uğrunda bir-birindən “küsə” bilərlər. Təbii öz aralarında döyüşməyəcəklər, ancaq əvvəlki kimi bir-birilərini müdafiə etməyə istəkli olmayacaqlar.

Türkiyənin də bölgədə öz maraqları var, o isə digər ölkələrdən NATO amili və ABŞ ilə isti əlaqələrinə görə üstünlüklərə sahibdir. Yəni Türkiyə, Əfqanıstanda söz sahibi olmaq üçün məcbur ABŞ və Qərbə yenidən “yaxınlaşacaq”. ABŞ bununla da, özünün Şərq blokuna qarşı mübarizəsində tərəfsiz olan Türkiyəni özünə tərəf edə bilər. Ən azından bunu məqsədləyir. Əfqanıstandakı türkmənlərin yaşadığı bölgələrin təhlükəsizlik amili Türkiyəni buna məcbur qoyacaq qədər ciddi məsələdir.

Pakistan isə, Türkiyənin müttəfiqi olaraq, bölgədə üstünlük əldə etmək üçün Türkiyə ilə bərabər hərəkət edəcək. Qısacası, Türkiyəni tərəfinə çəkən ABŞ Pakistan kimi başağrısından da xilas olmaq şansı əldə edir. Çünki, Pakistan-Çin əlaqələri, Hindistanın bölgədəki açılımını sıfır edir. Yəni bölgənin əsas ABŞ müttəfiqi ölkəsi Pakistan amilinə görə Çinə maksimum güc göstərə bilmir.

İran isə, Suriya və İraqda ABŞ-a yaratdığı problemlərə görə, məhz Əfqanıstanda rövanşa məruz qala bilər. Əvvəl qeyd etmişdim, əfqanlar xarici düşmənlərə qarşı həssas olurlar. Talibanın iqtidara gəlişində İran da müəyyən rol sahibidir və bir müddət sonra Taliban rejimi iflas etdiyində İran yeni rejimin əsas düşmənlərindən biri olacaq.

Gələk yekunlaşdırmaya,

ABŞ ağlı Əfqanıstandakı Taliban “qələbəsində” nə kimi rol oynayır və nələri məqsədləyir?

1. Rusiyanın, qismən də İran və Çinin hegemon olduğu bölgədə birbaşa iştirak ilə məğlub olacağını anlayıb, bölgəni xaosa qərq edib oranı tərk etdi. Bu xaosu dayandırmaq üçün regional güclər dövriyəyə girməyə məcburdur. Hər tərəf öz maraqlarından çıxış edəcək və bu regional gücləri müttəfiqdən düşmənə çevirə bilər.

2. Bölgədəki bütün xalqları psixoloji olaraq təsir obyektinə saldı. Son zamanlar bütün regiondakı anti-ABŞ səslənişlər artıq dayanacaq, ABŞ-a xilasedici görkəm veriləcək. Hətta sekulyarlıqdan yana olan azsaylı əfqanlar özləri belə ABŞ-a işğalçı olaraq baxırdılar ki, yeni vəziyyətdə ABŞ onların qoruyucusu imiş kimi görünəcək.

3. Plan baş tutarsa, ABŞ təklikdə məğlub edə bilmədiyi düşmənlərini üz-üzə qoyaraq, bir-birinin əli ilə zəiflədəcək.

4. Türkiyə kimi strateji və hərbi əhəmiyyətli böyük dövləti özündən tam uzaqlaşmağa qoymayacaq. Türkiyəyə son iki həftədir yaşanan qaçqın axını da bu məqsədlə təşkil edilirdi. Bu Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunur. Suriyalı qaçqınlardan bezmiş yerli əhali, əfqanların iki-üç provokasiyasına çox pis cavab verə bilər. Türkiyə iqtidarı bundan çəkinir və bunu birüzə verir.

5. Plan baş tutarsa, Əfqanıstan məsələsi Çin və Rusiyanı zəiflətməklə qalacaq, İranı isə dağıdacaq. İran uzun müddətdir döyüşən, eyni dini şovenizm üzərində dəyərlərə sahib döyüşçülərə – əfqanlara əsla qalib gələ bilməz. Çünki həmin anda onu ABŞ və digərləri dəstəkləyəcək.

İkinci halda, yəni planın ssenari üzrə baş tutmaması ilə, ABŞ digər tərəfdən də qazanclı çıxacaq.

Belə ki, bu planlar baş tutmasa belə, ən azından ABŞ bölgədən çıxarkən məğlub olmayacaq. İkinci punkt aktuallığını qoruyacaq, həm də bölgədə böyük ölkələr arasında güvənsizlik yaranacaq.

Ancaq mənə görə, bu plan mütləq özünü doğruldacaq…

Həşim Səhrablı

www.yenicag.az

1032
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv