"Saxlamamışam, amma cərimə gəlib": Yol Polisinin texniki səhvi, yoxsa vətəndaşın haqlı üsyanı?
“Hərəkətdə olan maşına dayanma-durma cəriməsi gəlibsə, bu texniki səhvi hüquqi yolla aradan qaldırmaq mümkündür.”
Bu sözləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib.

Yenicag.az xəbər verir ki, bir vətəndaş hərəkətdə olduğu halda ona cərimə gəlməsindən şikayət edib. O, yolun kənarında boş yerin olub-olmadığını yoxlamaq üçün 1-2 saniyəlik dayandığını, yer tapa bilmədiyi üçün hərəkətə davam etdiyini qeyd edib:
“Mən burada saxlamamışam, sadəcə saxlamağa yer axtarıram. 1-2 saniyə dayandım, qara maşın çıxır, ya yox baxmaq istədim, sonra isə sürüb qabaqda saxladım. Video kadr da yoxdur ki, şikayət edim. Mənə gələn cərimədən hara şikayət edə bilərəm?”
Vətəndaşın bu probleminin həll qaydasını nəqliyyat eksperti belə izah edib:

“Ümumiyyətlə, hərəkət edən nəqliyyat vasitələrinin dayanma-durma qaydasına görə cərimələnməsi texniki nasazlığa görə baş verə bilər. Reallıqda isə belədir: əgər nəqliyyat vasitəsi dayanıbsa, mühərriki neytraldadırsa və ya sönübsə, bu, dayanmağa və bir müddət sonra durmağa hesablanır. Ona görə də, burada “Yol hərəkəti haqqında” qanunun dayanma-durma qaydalarını tam izah edən açıq bəndi var.
Vətəndaşa tövsiyə edərdim ki, müvafiq olaraq Dövlət Yol Polisinə əsaslandırılmış formada müraciət etsin və video-reqistrasiyaya baxılmaqla məsələyə hüquqi aspektdən yanaşılmasını təmin etməyə çalışsın. Düşünürəm ki, belə hal üçün cəriməyə xitam verilməsinə də nail olmaq olar. Hər bir halda məsələ real video baxışdan keçirilməlidir. Nəqliyyat vasitəsi hərəkətdədirsə, bu cəriməni ala bilməz.
Belə halların təkrarlanmaması üçün vətəndaşlar özləri müvafiq dövlət orqanına müraciət etməli, yalnız bu halda problemi yerindəcə aradan qaldırmağa nail ola bilərlər.”
Nurlan Cəfəri












