"Saxta profillər arxasında gizlənənlərin dövrü bitdi!" – Deputatdan SƏRT TƏLƏB
“Sosial şəbəkələrdə xaricdə oturub Azərbaycana düşmən qüvvələrin diktəsi ilə ölkəmizə təzyiq edən şəxslər Azərbaycana gətirilməlidir.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib.

Deputat son dövrlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “YouTube” platformalarında aparılan canlı yayımlar zamanı yol verilən söyüş, təhqir, əxlaqsız davranış və nifrət nitqi hallarının qarşısının alınması yollarını izah edib:
“Təəssüf olsun ki, son dövrlərdə xüsusilə bir sıra sosial şəbəkələrdə, ələlxüsus da “TikTok”, “YouTube” və digər platformalar üzərindən bəzi özünü blogger elan edən şəxslərin təhqirlərə yol verməsi, milli mentalitetimizə uyğun olmayan ifadələr səsləndirməklə cəmiyyətə açıqcasına hörmətsizlik etməsi faktları getdikcə intensivləşirdi. Bu hərəkətlərin qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklərə ehtiyac vardı. Bu məqsədlə də ötən ilin payız sessiyasında Milli Məclisdə qanunlara dəyişikliklər edilməsi ilə bağlı məsələ qəbul edildi. Yanvarın 15-də isə Azərbaycan Respublikasının Prezidenti həmin dəyişiklikləri təsdiqlədi.”
A. Əlizadə bu kimi halların bundan sonra da qətiyyətlə qarşısının alınacağını vurğulayıb:
“Sosial şəbəkələrdə mənəviyyatı təhqir edən, cəmiyyətə hörmətsizlik nümayiş etdirən və milli-mənəvi dəyərlərə zidd olan hərəkətləri edən şəxslərin məsuliyyətinin gücləndirilməsi nəzərdə tutulur. Bu dəyişikliklərdən sonra yüksək məbləğdə cərimələr, islah işlərinə cəlb edilmə və cinayət məsuliyyəti məsələsi gündəmə gəlib. Ölkə daxilində bu məsələni tənzimləmək mümkün olacaq, lakin eyni zamanda sosial şəbəkə istifadəçiləri öz adları ilə daxil olmalıdırlar. Yalnız bu halda hər kəs dediyinə və yazdığına cavabdeh olar. Bir çox hallarda müxtəlif adlar altında təhqir yazanları axtarmağa ehtiyac yaranır ki, hər kəs öz adından istifadə etsə, proses şəffaf olar.
Ən ciddi problem isə ölkə xaricindən bəzi dırnaqarası blogger adı altında fəaliyyət göstərən yaramazların internet məkanını çirkləndirməsidir. Onlar əxlaqsız ifadələrlə cəmiyyətə hörmətsizlik edirlər. Bu, onların tərbiyəsindən irəli gəlsə də, milli dəyərlərə zidd olan bu davranışların qarşısı mütləq alınmalıdır. Texnoloji vasitələr buna imkan verir qanunvericilikdə dəyişiklik edilməli və müasir texnologiyalardan istifadə etməklə həmin proqramların Azərbaycanda girişinin qarşısı alınmalıdır. Bunu etmək mümkündür və yalnız o zaman həmin şəxslər də bundan dərs çıxara bilərlər.”
Deputat həmin şəxslərin ölkə ərazisinə gətirilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb:
“Həmin şəxslərin ölkəyə gətirilərək ciddi şəkildə cəzalandırılmasının tərəfdarıyam. Bu şəxslər eyni mərkəzdən idarə olunur onlar pul və həmin ölkələrdə qalmağa şərait yaradılması müqabilində ölkəni söydürürlər. Məqsəd Azərbaycan dövlətçiliyinə qarşı düşmən qüvvələrin hərəkətliliyi və dövlətin imicinə xələl gətirməkdir. Azərbaycanın regionda əsas dövlətə çevrilməsini həzm etməyən qüvvələrin bu əxlaqsızların arxasında dayandığı və onları yönləndirdiyi danılmazdır.”
Nurlan Cəfəri












