!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səbinə Əliyevanın mənzil satışına dair təklifinə ETİRAZ: “Bu, vətəndaşların hüquqlarının tapdalanmasıdır” - Əmlak eksperti

!Reklam – Yazi

“Xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan mənzillərin satılmasına qadağa qoymaq yox, əksinə ev alan vətəndaşın mülkiyyət hüququ bərpa edilməlidir”.

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva bəzi mənzillərin satışının məhdudlaşdırılmasını təklif edib. Təklifə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulmalıdır.

İrəli sürülən təklifi dəyərləndirən əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, Obdusmanın irəli sürdüyü təklif vətəndaşın mülkiyyət hüququ ilə bağlı mövcud problemlərinin həllinə şərait yaratmayacaq:

“İstənilən çoxmərtəbəli bina inşa olunmadan əvvəl bütün aidiyyatı dövlət orqanlarından müvafiq sənədlər yığılır. Sənəddə tikinti icazəsi üçün lazımi olan bütün məlumatlar toplanır, möhürlənir və daha sonra binanın tikintisinə başlanır.

Hətta tikinti prosesinin gedişinndə mütəmadi monitorinqlər keçirilir ki, layihədən kənara çıxılmasın. Yəni bir binanın inşası aidiyyatı qurumların xəbəri olmadan, qanunsuz şəkildə həyata keçirilə bilməz.

Vətəndaşlar külli miqdarda vəsait ayıraraq inşa olunan binalardan ev alırlar. Lakin məlumdur ki, mənzillərin əksəriyyətinin çıxarışının olmaması ilə bağlı problem uzun illərdir davam edir.

Belə ki, vətəndaş ev alanda çıxarış verilmir və vətəndaşa məxsus mənzilin mülkiyyəti hüququ tanınmır. Əgər bina inşa olunandan sonra mənzil alan vətəndaşın adına ünvan verilibsə və kommunal idarələr bu ünvanı qəbul edibsə, bu halda ev sahibinə çıxarış mütləq verilməlidir. Çünki çıxarışı olan mənzillər avtomatik sığortalanır”.

Elnur Fərzəliyev qeyd edib ki, mövcud şəraitdə çıxarışı olmayan mənzilləri sığortalamaq sığorta şirkətləri üçün maraqlı deyil:

“Ona görə ki, müqavilə mülkiyyət hüququ kimi qəbul olunmur. Mülkiyyət hüququ toxunulmazdır. Dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən mənzillərin satışına qadağa qoyularsa, bu, vətəndaşların hüquqlarının tapdalanmasıdır.

Binanın çıxarışının olmaması vətəndaşın günahı deyil. Çünki vətəndaş şirkətə inanaraq, inşa olunan binadan mənzil alıb. Çıxarışı olmayan binadan ev almaq ölkəmizdə yaşayan xarici vətəndaşlar üçün də maraqlı deyil. Ümumilikdə Ombudsmanın irəli sürdüyü təkliflə razılaşmıram. Bu təklif qəbul olunarsa, vətəndaşlar pis vəziyyətdə qalacaqlar”.

Gülşən Şərif

www.yenicag.az

1556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv