Şəbnəmdən aparıcılarla bağlı ŞOK AÇIQLAMA: “Pula görə buna məcburdur…”

“Elə insanlar da var ki, on il, iyirmi il əvvəl efirdə camaatın zövqünü oxşayıb, lakin məcburən, işsiz, pulsuz qalmasın deyə “palaza bürün, ellə sürün” prinsipinə uyğun hərəkət edir”.

Bunu Yenicag.az-a açıqlamasında aparıcı Şəbnəm Turan müğənni Elnarə Xəlilovanın “İstəyirik ki, verilişə baxanda mədəniyyət öyrənək, amma nə aparıcı danışığını bilir, nə qonaq” fikrinə münasibət bildirərkən deyib.

O belə insanların yalnız televiziyalarda deyil, hər sahədə olduğunu bildirib:

“Nəinki aparıcılıq, ümumiyyətlə, bütün sahələrdə ağıllı, savadlı, işini bilən, peşəkar işçilərə yox, sözgəzdirən, aravuran, işini bilməyən, torba tikməkdə rəhbərliyə dəstək olan insanlar tələb olunur. Digər sahələrdə də bu kriteriyalar əsas götürülür. Təəssüf ki, belədir. Elə televiziyalarda da… Bir neçə telekanal istisna olmaqla özəl kanalların əksəriyyətində dünyagörüşü, intellekti, savadı, mənəviyyatı aşağı olan insanlar çoxluq təşkil edir. Bunun səbəbləri çoxdur. Ən böyük səbəblərdən biri də belələrinin aparıcılıq etməsi maariflənmək istəməyən, mütaliəsiz tamaşaçıya xitabıdır. Bu, xoşagəlməz bir faktdır, bunun qarşısını almaq televiziya rəhbərlərinin üzərinə düşür. Bəlkə də, reytinq, bəlkə də, trend, izlənmə rekordu kriteriyaları hazırda başqa müstəvidə, başqa parametrlərdə olduğu üçün bayağılıq, düşüklük, səviyyəsizlik daha çox tələb olunur. Televiziya rəhbərləri də onu əsas tutur. İşimizə o əsaslarla başlamadığımız üçün, şəxsən mən özümü nəinki efirdə, həyatda da elə aparmağı bacarmıram. Həyatda edə bilmirəmsə, onu efirdə də edə bilməyəcəm. Elə insanlar da var ki, on il, iyirmi il əvvəl efirdə camaatın zövqünü oxşayıb, lakin məcburən, işsiz, pulsuz qalmasın deyə “palaza bürün, ellə sürün” prinsipinə uyğun hərəkət edir. Elnarənin fikri ilə tam şərikəm. Amma yenə də deyirəm, bu problem yalnız televiziyalara aid deyil. Təəssüf ki, digər sahələrdə də bu kriteriyalar tələb olunur”.

Cəvahir