Cari ilin yanvar ayının 17-dən etibarən ölkə gündəmi 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə köklənib. Bu seçkilər, istər namizədlərin say çoxluğu, istərsə də, seçici fəallığı baxımından, ötən seçkilərdən əsaslı şəkildə fərqlənir.
Namizədlər haqqında mətbuatda hər gün saysız-hesabsız təşviqat xarakterli materiallar yayımlanır. Bu yazılar fərqli mövqelərdən qələmə alınmış olsalar da, mahiyyət etibarilə insanların seçimlərinə təsir edir. Buna görə də namizədlərin seçicilərə yanaşma tərzinə diqqət yetirmək lazımdır.
Yuxarıda da qeyd etdiyim kimi, bu seçkilərdə ciddi aktivlik müşahidə olunur. Amma görəsən, cəmiyyət hansı baxımdan fəaldır?
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, seçicilərin gözündə namizədliyin özü də haradasa, əlahiddə bir statusdur.
Yəni həm deputatlığa namizədlər tərəfindən aparılan təbliğat kampaniyasında, həm də seçicilərin onlara münasibətində səmimilik görmürük. Bəlkə səmimlik var, amma bu, çox aşağı səviyyədədir.
Birincisi, seçicilər başa düşmürlər ki, onlar namizədlərlə görüşlərdə problemlərinə yox, daha çox namizədin kimliyinə maraq göstərməlidirlər. Seçicilərlə görüşə gələn namizədə artıq deputat kimi yanaşmaq lazım olduğunu anlamayan seçici kütləsi öz problemləri ilə namizədin üzərinə hücum çəkir, namizəd də seçicilərin ürəyinə yağ kimi yayılan sözlərlə onları sakitləşdirir və əmin edir.
Əgər namizəd xalqın nifrətini qazanmış biri deyilsə, onda “Səsimiz sənindir” şüarları ətrafı bürüyür və bütün bunlar “Seçicilər Filankəsov Filankəsi dəstəkləyir” başlıqlı yazılarda öz əksini tapır.
Sizə desəm ki, fərqli namizədlərin görüşlərində iştirak edən seçicilərin hər iki namizəd qarşısında da “sizə səs verəcəyik” deməsinə şahid olmuşam, inanarsınız? Məncə, inanın.
Burada əsas məsələ seçicilərin hansı psixologiyaya sahib olmalarıdır. Demokratiyanın illərdir seçicilərdən özünü gizlətməsi və birdən üzə çıxması seçiciləri bu psixologiyaya sürükləyir, yoxsa seçicilər əvvəlcədən eyni seçki psixologiyasından əziyyət çəkirdilər? Bu sualın cavabı var.
İnsanların seçki yolu ilə bir şeyləri dəyişməyə olan inamı qırılmış və inamsızlıq nəticəsində seçkilər onlar üçün formal xarakter almışdı. Ancaq indi birdən-birə namizəd yığınının böyük “məhəbbət”i ilə qarşılaşan bu seçicilər nə edəcəklərini bilmədən, yazıqları gələn namizədlərə təsəlli və söz verirlər.
Seçicilər burada namizəddən daha çox siyasət işlədir desəm, yanılmaram. Düşünürəm ki, bizim vətəndaşlar öz insanlıqlarını hər şeydən üstün tuturlar. Onların ayağına gəlmiş namizədləri, bəlkə də yeni deputatları öz isti məhəbbət və sözləri ilə qarşılayıb yola salırlar. Bu siyahıya keçmişdən qalma metodlarla insanları məcburi şəkildə harasa toplayıb, sonra da onların etirazları ilə “Bizim üçün axı neyləmisən?” formasında fitə basılan namizədləri “qarşılayan” seçiciləri aid edə bilmərik.
Sosial şəbəkələrdə yayılan belə görüntülər seçicilərin haqq səsidir: “Biz əvvəlki seçicilər deyilik ha… Ağıllı olun!”
Belə bir qarmaqarışıq seçki marafonunda son sözü söyləyəcək olan seçicilərin sandıq başında hansı sözün sahibi olacaqlarını, əgər “seçdiyimiz-seçilən” tendemi ilə qarşılaşacaqlarsa, hansı reaksiyanı verəcəklərini 10 fevral günü hamılıqla görəcəyik.
www.yenicag.az