“Bakı bu regionun nüvəsi olduğuna görə Vaşinqton daim münasibətlərinə diqqət edir, “qırmızı xətt”i keçmir”.
Bunu Yenicag.az-a açıqlamasında prezident seçkilərindən sonra ABŞ-nin Azərbaycan və digər ölkələrlə münasibətləri barədə mümkün ehtimalları şərh edən politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, sözügedən proses yalnız Azərbaycanın yox, həmçinin dünyanın marağındadır.
“Vaşinqton və Bakı arasında nə qədər soyuq yellər əssə də, pərdəarxasında centlmen münasibətləri var. Düzdür, son zamanlar Ermənistanı silahlandırır, təlimlər keçir və maliyyə dəstəyi göstərir. Lakin ABŞ-nin Cənubi Qafqaz maraqları Azərbaycan vasitəsilə təmin olunur. Bir sözlə, Bakı bu regionun nüvəsi olduğuna görə Vaşinqton daim münasibətlərinə diqqət edir, “qırmızı xətt”i keçmir”, – deyə o əlavə edib.
Politoloq vurğulayıb ki, nə Donald Trampın, nə də Co Baydenin prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərində xüsusi dəyişiklik olmayıb.
“Lakin prezidentliyə namizəd Kamala Harris fərqli ola bilər. O, əslən hindistanlıdır. Ölkəsinin Ermənistanla münasibətlərini nəzərə aldıqda ivə gələcəkdə Vaşinqton-İrəvan arasında yaxınlaşmanın olması gözləniləndir”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az