!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sədr müavini barəsində deyilənlərə aydınlıq gətirdi: "Yalanın böyüyü və "nağılın” növbəti mərhələsi..."

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı son vaxtlar bəzi saytlarda barəsində yazılanlara və ona ünvanlanan ittihamlara aydınlıq gətirib. O, bildirib ki, mediada haqqında yazılan xəbərlərin təşəbbüskarı ötən ilin avqustunda vəfat edən qardaşı Lətif Cavadlının 2019-cu ildə boşanmış arvadı Zamanova (Zamanlı) Ülviyyə Səmədağa qızıdır:

“Çox təəssüf ki, məsələnin mahiyyətini araşdırmayan və həqiqətlərin nədən ibarət olduğunu bilməyən bəzi mətbuat nümayəndələri qarşı tərəfin münasibətini öyrənmədən qərəzli şəkildə bu yalan, iftira və böhtan kampaniyasının oyuncağına çevriliblər. Hər şeydən əvvəl, Zamanova Ülviyyəni həmkarı kimi təqdim edən jurnalistlərin ilk xətasını nəzərinə çatdırmaq istəyirəm. Bu qadın dul deyil, boşanmış qadın kimi Cavadlı soyadını da, həsrətində olduğu mülkiyyət hüququnu da 2019-cu ildə itirib. Ştatdankənar işlədiyi Az.TV-də onun vəzifəsi və şəxsiyyəti barədə kiçik bir sorğu aparılsaydı bu qadın haqqında tam təsəvvür yaranardı. Bu, məsələnin çox vacib məqamıdır, çünki irəli sürülən iddiaların hüquqi və mənəvi aspektlərini müəyyənləşdirir”.

​Qəmər xanım qarşı tərəfin iddialarını “nağıl” adlandırıb: “Həmin qadın deyir ki, guya “dişləri-dırnaqları ilə vəsait toplayaraq” ev alıblar. Amma o, undur ki, həmin ev “Axundov bağı” tərəfində mövcud olan dədə-baba mülkümüzün sökülməsi nəticəsində vərəsəlikdən düşən pay hesabına alınıb və bilavasitə qardaşım Lətifin şəxsi mülkü statusunda olub. Bunu təsdiq edən sənədlərimiz var, əgər həmin qadında da onun mülkiyyət hüququnu təsdiq edən sənəd varsa rica edirəm, təqdim etsin. Ayrıca onu da qeyd etmək istəyirəm ki, Binəqədi rayonu Ağamalıoğlu küçəsi 5 ünvanındakı həyət evi alınarkən Ü. Zamanova heç yerdə işləmirdi, onun maddi cəhətdən ev alqısında iştirakı faktiki olaraq ikinci böyük yalandır. Həmin qadın övladlarının vəfat etmiş atalarına görə təqaüd məsələsini həll edib ki, haqqı olduğu üçün halal xoşu olsun! Sonra üz tutub mülkiyyət məsələsini həll etməyə. Bu zaman aidiyyatı olan bütün dövlət qurumlarında ona məsələnin mahiyyətini belə izah ediblər: boşandığı üçün mülkiyyət hüququnu 2019-cu ildə itirmişdir, vərəsəlik haqqı yalnız onun 3 övladına və mərhumun anası sağ olduğu üçün anasına aiddir! Həm də dövlət mülkiyyət və vərəsəlik iddiasında ola biləcək şəxslər üçün 6 (altı) ay müddət təyin edibdir ki, bu müddət də 2022-ci ilin 8 fevral tarixində tamamlanacaq. Bu – dövlətin qərarıdır, nə mənim, nə də kimsənin mövcud qanunvericiliyi dəyişdirməyə haqqımız çatırmı?! Amma çox təəssüf ki, həmin qadın bu qərarın arxasında mənim durduğumu zənn edir. Haqqımda yazdırdığı iftira xarakterli məqalələri bəzi saytlarda, sosial şəbəkələrdə tirajladır, tanışlarıma və qohumlarıma mərhum qardaşımın telefonu ilə təhdid mesajları yollayır, həyat yoldaşımın iş yerinə hücum edir, 80 yaşlı qaynanasına “səni gəlib evində diri-diri yandıracam”, “kaftar, öləcəksən!” deyə zənglər edir və bu səs yazıları məndə var, hətta utanmadan məni rəzil-rüsvay etdiyini fəxrlə elan edir. Ülviyyə Zamanova unudur ki, rəzil o şəxsdir ki, yalanlarla cəmiyyəti, insanları aldadır, özünü də, mənsub olduğu ailəni də biabır edir!”

​Qəmər Cavadlı Ülviyyə Zamanovadan guya pul tələb etmələrinə də aydınlıq gətirib: “Yalanın böyüyü və “nağılın” növbəti mərhələsi mənim və anam Nailə Cavadlının guya bu qadından 30-40 min dollar (!!) pul tələb etməyimizdir. Burada mən bir az şübhəyə düşürəm – görəsən onun ağıl sağlığı yerindədirmi? Onun niyyəti evi tam şəkildə əlinə keçirdikdən sonra satmaq və harasa köçüb getməkdir. Bu niyyətinə bir tək anamın 25 faizlik vərəsəlik haqqı mane olduğu üçün qadın əməlli-başlı psixi tarazlığını itirib. Kimsə onun evinə getməyib, ondan heç bir şey tələb olunmayıb, övladlarının haqqına müdaxilə edilməyib. İsterika dərəcəsində həyasızlıq etməkdə məqsədi – anamı öz hüququndan imtina etməyə məcbur etməkdir. Bu niyyətlə qadın anama, ikinci qardaşımın oğluna və özəlliklə mənə qarşı olmazın ağlasığmaz həqarətlər edir, hətta bizə qarşı fiziki güc tətbiq edəcəyinin anonsunu verir. Bütün bunları sübut edən dəlillər var.

İndi ortaya çıxan ən önəmli sual – mənim bu məsələdə günahım nədir? Mənim kimi qanuna dərin hörmət və ilahi dəyərlərə Allah qorxusu ilə yanaşan birisi azacıq məntiqi olan hər kəsdən soruşuram: mənim bu məsələyə hüquqi və mənəvi cəhətdən necə aidiyyatım ola bilər? Haqqımda yazdırdığından belə məlum olur ki, guya mənim saysız-hesabsız varidatım var. Doğrusu, bu məqamda bişmiş toyuğu da gülmək tutur. Ailəmə aid olan və halallıqla alınmış mülkiyyəti kriminal kimi təqdim etmək yersiz cəsarətdir. Bəli, mən Xırdalanda 2 sot torpaq sahəsi olan, 1 sotu üzərində 2 mərtəbəli evdə yaşayıram, amma oranın “Milyonerlər məhəlləsi” olduğunu ilk dəfədir ki,eşidirəm.

Mərdəkandakı “villa” 1948-ci ildə həyat yoldaşımın Lenin ordenli müəllim babasına hədiyyə edilmiş bağ sahəsidir, bizə düşən 12 sotda hovuzsuz, saunasız və sair dəm-dəstgahsız tikilmiş sadə Bakı bağlarındandır. Oğlum və qızımın adına olan mənzillər – onların ailəvi mülkiyyətidir, özəlliklə anamın müvəqqəti yaşadığı mənzil qudalarıma aiddir. İstanbulda 4 otaqlı mənzilim yoxdur, Beylikdüzü səmtində 1 otaqlı kiçik bir mənzil aldıq ki, həyat yoldaşım və mən kardioloji xəstə olduğumuz üçün həkim müayinəsinə gedərkən otellərdə qalmayaq. Qubadakı “hektarlarla sahə” söhbəti isə tam bir fiaskodur, bunu sübut etmək üçün Ü.Zamanova və onun himayədarları olan “həmkarları” ən azından Qubadakı müvafiq qurumlara sorğu göndərsəydilər tam əminəm ki, nəticədə utanan mən yox, onlar olardı.
​Bütün bu yalanların içərisində doğruya bənzəyən bir tək həqiqət var, fəqət o da yarımçıq həqiqətdir. Bəli, qardaşımın üç övladı var, onlardan böyüyü Türkiyədə tələbədir və qadın etiraf etmək istəməsə də, onun bu günə qədər bütün təhsil, gediş-gəliş, yataqxana və s. xərclərini mən ödəmişəm. Ona halal, anasına haram xoş olsun! Uşaqlardan biri anadangəlmə xəstədir, müalicəsi, dərmanları üçün xərclədiklərimi rona da halal edirəm, çünki onlar mənim həyatdan erkən getmiş qardaşımın yadigarlarıdır. Yalnız bir məqam diqqətimi çəkir: sapasağlam yeriyən, fiziki baxımdan normal, təkcə əqlı cəhətdən geriliyi olan bir uşağı yatağa uzadıb şəklini yayınlamaq oyunları kimləri aldatmaq məqsədi güdürdü? Əqli xəstələrin müalicəsinin mümkün olmadığını bilə-bilə Almaniya müalicəsi barədə yalan uydurmaqla kimi ələ salırdınız – mətbuat nümayəndələrini yoxsa geniş ictimaiyyətimi?”

​QMİ sədrinin müavini bildirib ki, bu iftira kampaniyası onun şərəf və ləyaqətinə, ictimai nüfuzuna ləkə vurmaqla yanaşı, eyni zamanda təmsil etdiyi qurumun imicinə kölgə salmaq məqsədi daşıyır: “Bəzi yazılarda ölkə başçısına və birinci xanıma müraciət edilməsi ən azından dövlət rəhbərliyini yalan informasiya ilə aldatmaq kimi də dəyərləndirilə bilər. Dünyanın müsəlman idarələri tarixində ilk vəzifə sahibi olan müsəlman qadınını, həyatını xeyriyyəçiliyə və dini maarifləndirməyə həsr etmiş birisini, beynəlxalq miqyasda tanınan elm və irfan sahibi Qəmər xanım Cavadlını çirkin iddialarla alçaltmaq, əminəm ki, bu günkü reallıqda ancaq erməni mediasını sevindirər”.

Qəmər Cavadlı əlavə edib ki, məsələ ilə bağlı məhkəməyə müraciət etmək fikrindədir: “Bu məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməzdən əvvəl müvafiq media qurumlarına Azərbaycan milli mətbuat məktəbinin yaradıcılarından olan Cavadlılar nəslinin nümayəndəsi, BDU jurnalistika fakültəsinin keçmiş müəllimi, AJB-nin üzvü, “Qızıl Qələm” və “Həsən bəy Zərdabi” mükafatları laureatı kimi müraciət etmək istəyirəm- İftira – bu həyatda hər kəsin başına gələ biləcək hadisədir. Zaman-zaman cahil insanlar peyğəmbərlərə belə iftira atmışlar. Mən sizə iftiraya görə veriləcək ilahi cəzanın ağırlığından qorxmağı məsləhət görürəm. Haqqı nahaqqa verməyin! Bu, sizi həm cəmiyyət, həm də Allah qarşısında rəzil edər! Cənablar ! Fakt materialı üzərində işləyin, çünki Fakt – Əlahəzrətdir!”

www.yenicag.az

219
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100